Daha bir rayonda heyvan satışı bazarı yaxın günlərdə açılacaq - RƏSMİ

Daha bir rayonda heyvan satışı bazarı yaxın günlərdə açılacaq - RƏSMİ
Foto Video
Sosial 132

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan satışı bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir.

BAKU.WS xəbər verir ki, Göyçay rayonunda yerləşən heyvan bazarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb.

Belə ki, bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib.

Eyni zamanda, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb. Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub.

Bununla yanaşı, qida təhlükəsizliyi və sanitariya normalarının təmin edilməsi məqsədilə bazar ərazisində fəaliyyət göstərən iaşə obyektləri ərazidən kənara çıxarılıb. Yaxın günlərdə Göyçay heyvan satışı bazarının açılması məsələsinə baxılacaq.

Son xəbərlər