Bulvara niyə yeni atraksionlar gətirilmir? – AÇIQLAMA

Artıq uzun müddətdir ki, Bakıda bulvar ərazisində bir çox atraksiyon yığışdırılıb. Buna səbəb isə həmin qurğuların istifadəyə yararsız olmasıdır. Bir neçə il öncə Bulvar idarəsindən BAKU.WS-ə yeni karusellerin qurulacağı bildirilsə də, bununla bağlı heç bir addımın atılmadığını görürük. Eyni zamanda, uşaqların əylənməsi üçün paytaxtda demək olar ki, heç bir karusel, atraksion yoxdur. Nəzərə alaq ki, bu kimi əyləncə vasitələri uşaqlara xoş təsir bağışlayır. Onların bu əyləncə vasitələrindən məhrum qalması müəyyən texnoloji aslılıqlarının yaranmasına gətirib çıxarır.
Mövzu ilə bağlı Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa BAKU.WS-ə açıqlama verib:
“Əlbəttə, uşaqların əylənməsi üçün yerlər düşünülməlidir. Bu yerlər paytaxtda kifayət qədər azdır. Bəzən formal olaraq uşaq əyləncə kompleksləri quraşdırılır. Ancaq istifadə üçün yararlı olmur. Həyat təkcə kafedən, restorandan ibarət deyil. Bəlkə restoran şəbəkələri də maraqlı deyil ki, uşaqlar üçün əyləncə yerləri daha çox inkişaf etsin.
Uşaqların fantaziyalarının genişlənməsi, dünya görüşünün artması üçün bu kimi əyləncə vasitələri olduqca vacibdir.
Paytaxtda təhlükəsizlik qaydalarına cavab verən, istismara yararlı olan karuseller olmalıdır. Əgər uşaqların gələcəyini düşünürüksə, belə əyləncə vasitələri ilə onları telefonlardan və bu kimi digər vasitələrdən uzaq edə bilək.”
Bəs bu atraksionları paytaxt ərazisində yenidən görə bilərikmi?
Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva BAKU.WS-in sualını cavablandırdı.
“Bulvar ərazisindən yığışdırılan atraksionlar müasir tələblərə cavab verməyən, istismar müddətini başa vurmuş karusellər idi. Yəni, köhnəlmiş attraksionların yığışdırlması təhlükəsizlik baxımından önəmli idi. Onların yeni nəsil atraksionlarla əvəzlənməsi istiqamətində işlər aparılır. İlin əvvəlində azyaşlılar üçün gəzinti qatarları istifadəyə verilib. Bundan əlavə mart ayında Panorama attraksionu əsaslı təmir olunduqdan sonra yenidən istifadəyə verilib.”
Ümid edirik ki, yeni atraksionların istifadəyə verilməsini çox tezliklə görərik...
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
