Bu qayda turistlərə də tətbiq ediləcək

Bu qayda turistlərə də tətbiq ediləcək
Sosial 298

Hazırda dünya ölkələri turizm mövsümünə start vermək üçün müəyyən hazırlıqlara başlayıb. Bəzi ölkələr turist axını təmin edə bilmək üçün ilkin tədbir kimi hava və quru sərhədlərini açır. Hətta qonşu Gürcüstanda da quru sərhədlərin açılması prosesi gedir.

Dünyanın 11 böyük şəhərində keçirilməsi nəzərdə tutulan UEFA 2020 Avropa çempionatının biletləri yenidən satışa çıxarılıb.

Mötəbər yarışın keçiriləcəyi 11 şəhərdən biri də Bakıdır. Bu səbəblə də ölkəmizə xeyli sayda azarkeşin, o cümlədən turistlərin axını gözlənilir. Son zamanların statistikasını nəzərə alsaq, yoluxma sayı azalıb. Buna baxmayaraq, insanlar müəyyən karantin qaydalarına əməl etməyə davam edir.

Bu zaman bəzi suallar yaranır: Azərbaycana gələcək əcnəbilər üçün hansı karantin qaydaları tətbiq ediləcək? Yerli əhali üçün xarakterik olan karantin şərtləri turistlərə də şamil olunacaqmı?

Bu haqda BAKU.WS-ə açıqlama verən, Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov yerli əhali qarşısında qoyulan tələblərin turistləri də gözlədiyini bildirib:

“Hazırda Azərbaycanda karantin şərtləri o qədər də sərt deyil. Çünki kafe və restoranlar, o cümlədən müxtəlif iaşə obyektləri və bir çox ticarət mərkəzləri öz fəaliyyətini davam etdirir.

Sadəcə maska taxmaq məcburiyyəti var. Bu qayda yerli əhaliyə tətbiq olunduğu kimi ölkəmizə təşrif buyuran turistlərə də şamil ediləcək.

Ola bilər ki, əcnəbi vətəndaşlar bu qaydadan xəbərsiz olsun və maskasız gəzsin. Bu halda onlara həmin qayda izah ediləcək.

Əgər yenidən belə hal baş verərsə, turist olduğu üçün ona yüngül cərimə də tətbiq edilə bilər. Biz bu haqda turizm şirkətlərinə də tövsiyələrimizi verdik. Onlar ölkəyə gələn turistlər üçün bu qaydaları ən yaxşı formada izah edəcəklər”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər