Bu gün Ümumdünya Su Resursları Günüdür

Bu gün Ümumdünya Su Resursları Günüdür
Sosial 61

Hər il martın 22-si Ümumdünya Su Resursları Günü və ya Ümumdünya Su Günü kimi qeyd olunur.

Bu günün keçirilməsi ideyası ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) səsləndirilib.

BMT Baş Assambleyası 1993-cü il fevralın 22-də qətnamə qəbul edərək martın 22-ni Ümumdünya Su Günü elan edib. Bu əlamətdar günün məqsədi əhalinin içməli su ilə təminatı probleminin həlli üçün müvafiq tədbirlər görülməsinə kömək etmək, şirin su ehtiyatlarının və bütövlükdə su ehtiyatlarının mühafizəsi və mühafizəsinin vacibliyi barədə ictimaiyyəti məlumatlandırmaq, Ümumdünya Su Gününün qeyd olunmasına hökumətləri, beynəlxalq agentlikləri, qeyri-hökumət təşkilatlarını və özəl sektoru cəlb etməkdir.

Suyun keyfiyyətinin pis olması səbəbindən hər il 1,4 milyon insan həyatını itirir

Bu gün dünya əhalisinin demək olar ki, yarısında - 3,6 milyard insanın təhlükəsiz kanalizasiya sisteminə, 2,2 milyard insanın təhlükəsiz suya çıxışı yoxdur və suyun keyfiyyətinin pis olması səbəbindən hər il 1,4 milyon insan həyatını itirir.

Azərbaycan arid landşaft və məhdud su resurslarına malikdir. Mövcud su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşan və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur.

Ölkədə adambaşına düşən suyun həcminə görə ilk yüzlükdə yer alsa da, 90-cı yerlərdən birini tutur. Su ehtiyatlarını qiymətləndirdikdə Azərbaycan 140-cı yerdə qərarlaşıb. Bu da ölkəmizdə suyun səmərəli istifadəsini şərtləndirir.

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl məlumdur ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada 136 su anbarı mövcuddur və onların ümumi həcmi 21 milyard 500 milyon kubmetr təşkil edir. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox olan 61 su anbarı mövcuddur.

Son otuz ildə su ehtiyatlarımız 15-20 faiz azalıb. 2050-ci ilə qədər isə daha 15-20 faiz azalacağı proqnozlaşdırılır.

Ona görə də, mövcud su ehtiyatlarından səmərəli istifadə olunmalı, fermerlər suya qənaət edən texnologiyalardan istifadə etməlidirlər. Bunlar, su təsərrüfatı sahəsində itkilərin aradan qaldırılması baxımından vacib amillərdir.

Son xəbərlər