Bu gün Heydər Camalın anım günüdür

Bu gün Heydər Camalın anım günüdür
Sosial 93

Bu gün azərbaycanlı politoloq, yazıçı, filosof və şair Heydər Camalın anım günüdür.

BAKU.WS xəbər verir ki, Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olub.

Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burada da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir.

Heydər Camal 1970-ci illərdə Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən birinə çevrilib. Bir sıra futuroloji xarakterli məqalə yazır və Sovet rejimini siyasi taleyini proqnozlaşdırır. Onun proqnozları özünü doğruldur. 1980-ci illərdə isə Tacikistanda yaşayır və burada İslamın paralel liderləri (sovet orqanları tərəfindən nəzarət edilməyən) ilə yaxınlaşır.

O, 1990-cı ildə Həştərxanda İslam intibah partiyasının qurulmasında iştirak edir və partiya sədrinin köməkçisi təyin edilir. Eyni ildə "Tövhid" informasiya mərkəzini qurur, 1991-ci ildə "Əl-Vəhdət" qəzetini nəşr edir. Qəzet 1993-cü ilə qədər fəaliyyət göstərir.

1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurur. Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edir. Bu iki il ərzində Heydər dəfələrlə İrana səfər edir, Tacikistanda sülhü bərqərar etmək üçün sülh danışıqları aparır, Rusiya mərkəzi telekanallarında yayımlanması nəzərdə tutulan və İrandan bəhs edən filmlər təşkil edir. Əhmədin ölümündən sonra İranın yüksəkçinli rəhbərləri ilə əlaqələr qurur. Bu sıraya İranın xarici işlər naziri Vilayəti, parlament spikeri Natiq-Nuri, "İran İslam inqilabı keşikçiləri korpusu"nun liderləri daxil idi.

1993-1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olur.

2000-ci ildə Rusiya rəhbərliyinin Məhəmməd Hatəminin rəhbərlik etdiyi iran mollalarının demokratik bloku ilə yaxınlaşmasının əleyhinə çıxır. 2001-ci ildə Heydər Camal siyasi İslamın Qərb anti-qlobalistləri ilə qarşılıqlı münasibəttlərinə aid irimiqyaslı layihə işləyir. Heydər Camal 35 il ərzində zülmün istənilən formasına qarşı mübarizə aparıb. Son 10 ildə radikal müxalifətdə təmsil olunub.

Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləyib. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri olub. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılıb. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.

Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-nə keçən gecə Alma-Ata şəhərində vəfat edib. O burada onkoloji xəstəlikdən müalicə alırdı. Daha sonra siyasi xadim ölümündən öncəki istəyi ilə Alma-ata şəhərində dəfn edilib.

Son xəbərlər