Bəzi yaşayış yerlərində yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilməyəcək

Bəzi hallarda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış yerlərində yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilməyəcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış yerlərinin əvəzinə həmin torpaq sahəsində yeni yaşayış sahələrinin tikilməsi aşağıdakı hallar olduqda məqsədəuyğun hesab edilməyəcək:
- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin gələcəkdə baş verə biləcək təbii fəlakət nəticəsində yaşayış sahələrinin tikintisi baxımından yüksək riskli ərazi olduğu müəyyən edildikdə;
- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin təyinatı tikinti aparılmasına icazə vermədiyi və ya kommunikasiya xətlərinin mühafizə zonalarında yerləşdiyi müəyyən edildikdə.
Qeyd olunan hallar tikili mülkiyyətçilərinin müraciəti əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) öz təşəbbüsü ilə 30 gün müddətində apardığı araşdırma nəticəsində müəyyən edilir.
Müraciətin və araşdırmanın nəticəsi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin 2-ci hissəsində göstərilən hallar barədə qərar qəbul edir və həmin qərarı 3 gün müddətində tikilinin mülkiyyətçisinə göndərir.
Mövcud qanunvericiliyə əsasən, yanğın, digər qəza və təbii fəlakət hadisəsi nəticəsində tikili dağıldıqda, dağılan gündən ən geci iki il keçənədək tikilini bərpa etməyə və ya həmin sahədə yeni tikili ucaltmağa başlanarsa, həmin torpaq sahəsindən istifadə hüququ saxlanılır.
Yaşayış məntəqəsinin planlaşdırma və tikinti layihələrində həmin torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulduğu hallarda dağılmış tikililərin bərpası üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada başqa torpaq sahəsi verilir.
Oxşar xəbərlər
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC tələbatı ödəmək təmin etmək məqsədilə iyunun 16-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edib. BA...
