Bazarda xarici, yoxsa yerli məhsullar daha çoxdur? - VACİB AÇIQLAMA

Bazarda xarici, yoxsa yerli məhsullar daha çoxdur? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 18

"Azərbaycanda bazarlarda satılan kənd təsərrüfatı məhsullarının böyük hissəsi yerli istehsaldır. Lakin mövsümi amillər səbəbindən bəzi məhsulların idxalı qaçılmaz olur".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

Onun sözlərinə görə, hazırda bazarlarda əsasən yerli məhsullar - alma, armud, kartof, soğan, pomidor, xiyar, müxtəlif göyərtilər, həmçinin süd və bəzi süd məhsulları daha çox satılır. Bu məhsullar ölkədə geniş istehsal olunduğu üçün bazarın əsas hissəsini təşkil edir.

AQC sədri qeyd edib ki, bəzi məhsullar isə iqlim və mövsüm səbəbindən ölkədə istehsal edilmir və ya ilboyu bazarda olmur:

"Bu halda həmin məhsullar xaricdən idxal edilir. Xüsusilə tropik meyvələr və sitrus məhsulları daha çox xaricdən gətirilir. İdxal olunan məhsulların bazarda yer almasının əsas səbəblərindən biri də logistika imkanlarıdır. Bəzi yaxın ölkələrdən məhsullar nisbətən ucuz daşındığı üçün onlar bazarda rəqabət qabiliyyətinə malik olur və məhsul çeşidinin artmasına kömək edir. Bu da istehlakçı tələbatının tam ödənilməsinə şərait yaradır".

Eyni zamanda ekspert vurğulayıb ki, xarici məhsullar bazarda yerli istehsalçılar üçün müəyyən rəqabət mühiti yaradır. Bəzən logistika və maya dəyəri səbəbindən yerli fermerlər bu rəqabətdə çətinlik çəkə bilirlər ki, bu da onların gəlirlərinə təsir edə bilər.

Bununla yanaşı, idxalın artması makroiqtisadi baxımdan ölkədən valyuta axınına da səbəb olur. Buna görə də uzunmüddətli perspektivdə yerli kənd təsərrüfatı istehsalının genişləndirilməsi və bazarın daha çox daxili məhsullarla təmin olunması daha məqsədəuyğun hesab edilir.

Son xəbərlər