Bayram günlərində ucuz qiymətə harada istirahət etmək olar? - AÇIQLAMA

Bayram günlərində ucuz qiymətə harada istirahət etmək olar? - AÇIQLAMA
Sosial 185

Novruz bayramı yaxınlaşdıqca ölkə daxilində istirahət etməyi planlaşdıranlar üçün otellərin qiymətləri maraqlı mövzulardan birinə çevrilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın müxtəlif bölgələrində yerləşən otellər bayram günləri üçün xüsusi təkliflər hazırlayıb.

Qiymətlər otelin yerləşdiyi əraziyə, təqdim etdiyi xidmətlərə və bayram proqramlarına görə dəyişir.

Şəki, Qəbələ, Şamaxı, Lənkəran, Quba və digər turistik bölgələrdə yerləşən otellərdə 20-31 mart tarixlərində iki nəfərlik otaqların qiyməti 70 manatdan başlayır və 500 manata qədər yüksəlir. Qiymətlər otellərin təqdim etdiyi xidmətlərə, otaq növünə və bayram proqramlarına görə dəyişə bilər. 

Bəs mövcud qiymətlər normal heab edilə bilərmi? 

İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bayram günlərində otellər və iaşə obyektləri qiymətlərini artırırlar: "Burada məsələ ondan ibarətdir ki, tələbat yüksək olur. Çox adam eyni zamanda otellərə getmək istəyir və bu da otellərin qiymətləri nisbətən bahalaşdırması ilə nətiləcələnir. Lakin adi günlərə baxsaq bayramlarda olduğu kimi yüksək qiymətlər görməyəcəksiniz.  

Turizm sahəsində otel, iaşə, əyləncə sektorunda bu dövrlərdə qiymətin bir qədər artması müşahidə olunur. Bu, tələbatın artması ilə bağlıdır və əslində normal hal kimi qəbul olunur. Bu məsələdə sahibkarları günahlandırmaq düz olmazdı. Çünki digər günlərdə otellərə üz tutanların sayı o qədər də çox olmur. Belə günlərdə otellər qiymətlərini tənzimləmək məcburiyyətində qalırlar

Bəzi otellər yalnız gecələmə xidməti təqdim etsə də, bəziləri Novruz bayramına uyğun şou proqramlar, milli mətbəx nümunələri və əyləncə tədbirləri təklif edir. Bu amillər də qiymətlərə təsir edir".

Alternativlər və daha sərfəli seçimlər

Bəzi vətəndaşlar üçün bu qiymətlər yüksək görünsə də, alternativ variantlara əl ata bilərlər:

Kənd turizmi – bölgələrdə ailəvi qonaq evləri daha sərfəli qiymətlər təklif edir.

Kirayə evlər – gündəlik ev kirayələmə variantları bəzi hallarda otellərdən daha ucuz olur.

Sanatoriyalar və istirahət mərkəzləri – bəzi sağlamlıq mərkəzləri də bayram günlərində xüsusi təkliflər irəli sürür.

Turizm mütəxəssisləri tövsiyə edir ki, bayram günlərində istirahət planlayanlar rezervasiyanı əvvəlcədən etsinlər, çünki yerlər sürətlə dolur və son anda qiymətlər daha da arta bilər. Eyni zamanda, müxtəlif otellərin və qonaq evlərinin təkliflərini müqayisə edərək ən uyğun seçimi etmək mümkündür.

Orxan Hüseyn

Son xəbərlər