Baş Prokurorluqdan əhaliyə ÇAĞIRIŞ

Baş Prokurorluqdan əhaliyə ÇAĞIRIŞ
Sosial 77

Baş Prokurorluq təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi ilə bağlı əhaliyə çağırış edib.

BAKU.WS xəbər verir ki, müraciətdə təbii qazın məişətdə rahatlığı təmin etsə də, ondan düzgün istifadə edilmədikdə partlayış, yanğın və zəhərlənmə halları ilə nəticələnə bildiyi vurğulanıb.

Bildirilib ki, bu cür hadisələrin qarşısının alınması hər bir vətəndaşın məsuliyyətidir:

- Mənzilə daxil olarkən qaz sızmasının olub-olmadığı dəqiqləşdirilmədən açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. Qaz sızması zamanı işığı yandırmaq və ya söndürmək qığılcım yarada bilər və təhlükəlidir. Qaz cihazlarından istifadə etməzdən əvvəl otağın havasını mütləq dəyişin, yalnız qaz iyi olmadığına əmin olduqdan sonra cihazları işə salın. Qaz cihazlarını yandırarkən əvvəl kibriti və ya alışqanı yandırın, daha sonra qaz kranını açın;

- Qaz cihazlarını nəzarətsiz qoymayın. Azyaşlıların, sağlamlıq imkanları məhdud şəxslərin, habelə istifadə qaydalarını bilməyən şəxslərin bu cihazlardan istifadəsinə yol verməyin;

- Qaz iyi hiss etdikdə dərhal bütün qaz kranlarını bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək vəziyyətdə olanları ayırmayın, işığı yandırıb-söndürməyin. Mənzilin havasını dəyişdirin və 104 nömrəli qaz qəza dispetçer xidmətinə müraciət edin;

- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, eləcə də gecə yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın;

- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 və ya 112 nömrələri ilə FHN-in Yanğından Mühafizə Xidmətinə, 104 nömrəsi ilə isə qaz qəza dispetçer xidmətinə məlumat verin;

- Mənzildə mövcud olan tüstü bacalarının ildə ən azı bir dəfə, xüsusilə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.

Qaz cihazlarından istifadə zamanı qadağandır:

- Qaz cihazları üzərində paltar və digər tez alışan əşyaların qurudulması;

- Qaz cihazlarının yerləşdiyi otaqlarda tez alışan maddələrin və materialların (o cümlədən kimyəvi tərkibli təmizləyici vasitələrin) saxlanılması.

"Unutmayın ki, bir anlıq diqqətsizlik partlayışa və ya yanğına səbəb ola bilər. Təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafınızdakıların həyatını yarana biləcək təhlükələrdən qorumuş olursunuz", - çağırışda qeyd olunub.

Son xəbərlər