Bakıda yolda yeni nişanlanma - Sürücülər sürəti azaltmağa məcbur qalacaq
Bakının əsas nəqliyyat arteriyalarından biri olan Xətai prospektində tətbiq edilən yeni üfüqi nişanlanma sürücülər arasında müzakirələrə səbəb olub.
BAKU.WS-in məlumtına görə, ilk baxışda qeyri-adi görünən bu zolaqlama modeli əslində dünya praktikasında uzun illərdir istifadə olunan yol təhlükəsizliyi alətlərindən biridir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev yeni yanaşmanın mahiyyətini izah edib. O bildirib ki, bu dizayn sürücünü instinktiv şəkildə sürəti azaltmağa sövq edir:
"Tətbiq edilən bu tip üfüqi nişanlanma bir neçə vacib funksiyanı yerinə yetirir:
Sürücüdə yolun daralması ilə bağlı vizual illüziya yaradır;
Bu vizual effekt nəticəsində sürət instinktiv şəkildə azalır;
Piyada və velosipedçilər üçün daha təhlükəsiz mühit formalaşdırır;
Hərəkət axınını daha nizamlı və proqnozlaşdırılan edir.
Bu cür elementlər xüsusilə piyada keçidlərinə yaxın ərazilərdə, yaşayış zonalarında və qəza riski yüksək olan hissələrdə tətbiq olunur. Məqsəd cərimə tətbiq etmək deyil, sürücünün davranışını dizayn vasitəsilə dəyişməkdir".
Ekspert hesab edir ki, müasir şəhər nəqliyyat siyasəti daha çox avtomobil üçün əlavə yol zolaqları salmaqdan ibarət olmamalıdır:
"Əsas hədəf təhlükəsiz, balanslı və insan yönümlü küçə mühiti yaratmaqdır. Düzgün layihələndirilmiş yol infrastrukturu daha az qəza, daha təhlükəsiz piyada hərəkəti və daha effektiv nəqliyyat axını deməkdir. Bu yanaşma artıq bir çox inkişaf etmiş şəhərlərdə tətbiq edilir və yol hərəkəti təhlükəsizliyinin artırılmasında effektiv hesab olunur".
Qeyd edək ki, son illər paytaxtda alternativ hərəkət vasitələrinin – xüsusilə velosiped infrastrukturunun inkişafı da şəhər nəqliyyatında yeni planlama yanaşmalarının tətbiqinə zəmin yaradır.
Orxan Hüseyn
Oxşar xəbərlər
Novruz tətilində hansı bölgələrdəki otellər daha ucuz olacaq? - QİYMƏTLƏR
"Novruz bayramı ərəfəsində Azərbaycanda turizmə maraq hər il artmaqdadır. Ən münasib qiymətli istirahət imkanları əsasən Şəki, Quba və Şabran bölgələrindədir"....