Bakıda son illərdə salınmış PARKLAR: Yaşıllıq sahələri genişləndirilir
Bakı şəhərində yaşıllıq sahələrinin artırılması və şəhər mühitinin daha ekoloji və rahat hala gətirilməsi istiqamətində genişmiqyaslı layihələr icra olunur. Rəsmi planlara əsasən, paytaxtda adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadratmetrə çatdırılması əsas hədəflərdən biridir. Bu çərçivədə həm yeni parkların salınması, həm mövcud istirahət zonalarının yenilənməsi, həm də şəhər daxilində piyada mobilliyinin artırılması nəzərdə tutulur.
Bu istiqamətdə görülən işlərin bir hissəsi artıq həyata keçirilib və bir sıra layihələr isə mərhələli şəkildə davam etdirilir.
BAKU.WS xəbər verir ki, 2024-cü ildə istifadəyə verilən Zəfər parkı bu layihələrin ən mühüm nümunələrindən biri hesab olunur. Parkda tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və baxış nöqtəsi yaradılıb. Eyni zamanda istirahət guşələri, sonda isə Azadlıq Bayrağı Meydanı inşa olunub.
Paytaxtda şəhər mühitinin daha əlçatan və piyada yönümlü olması üçün Atatürk və Antena parklarının birləşdirilməsi istiqamətində də layihə hazırlanıb. "Gənclik" metro stansiyasının şimal çıxışı və Atatürk parkına bitişik ərazidə yeni meydan və istirahət zonası salınması planlaşdırılır. Layihə çərçivəsində yaşıllıq sahələri, skamyalar, söhbətgahlar və uşaq meydançası yaradılacaq, eyni zamanda ərazi tam piyada hərəkətinə uyğunlaşdırılacaq.
Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması məqsədilə göl ətraflarında da yeni parkların salınması nəzərdə tutulur. Xocahəsən gölünün ətrafında böyük istirahət parkı, Böyükşor, Zığ və Bülbülə gölləri ətrafında isə yeni yaşıllıq zonaları yaradılacaq. Paralel olaraq Bakı bulvarının Bibiheybət istiqamətində mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.
Bundan başqa, şəhər daxilində "yaşıl hibrid dəhlizlər" sisteminin tətbiqi də gündəmdədir. Bu dəhlizlər piyada və velosiped hərəkətini asanlaşdırmaqla yanaşı, şəhərin hava axınını yaxşılaşdıracaq və "istilik adası" effektinin azalmasına xidmət edəcək.
İslam Səfərli küçəsində də yenidənqurma işləri aparılır. Ərazidə döşəmə örtüyü yenilənib, piyada zonası yaradılıb və kommunikasiyalar bərpa edilib. Gələcək mərhələdə burada yaşıllıq sahələrinin artırılması və tam piyada mühitinin formalaşdırılması planlaşdırılır.
Xətai rayonunda yerləşən "Sevgililər Parkı"nın genişləndirilməsi də layihələr sırasındadır. Parkın inkişaf planına müasir işıqlandırma, videomüşahidə sistemi, Wi-Fi, su-kanalizasiya infrastrukturu və istirahət zonalarının artırılması daxildir. Paralel olaraq paytaxtda 5 hektarlıq yeni parkın salınması üçün layihə hazırlanır.
Nəsimi rayonunda 28 May küçəsindən "The Ritz-Carlton Baku" istiqamətinə qədər uzanan 12 hektarlıq ərazidə də geniş abadlıq və yaşıllaşdırma işləri planlaşdırılır. Bu ərazi şəhərin mərkəzində yeni ictimai istirahət zonasına çevriləcək.
Yasamal rayonunda köhnə ağaclıq sahədə yeni park salınması da gündəmdədir. 5 hektarlıq ərazidə quru və təhlükəli ağacların çıxarılmasından sonra tam yeni yaşıllıq zonası formalaşdırılacaq.
Eyni zamanda Bakıda "Özbəkistan parkı"nın salınması, Səbail rayonunda Çəmbərəkənd parkının genişləndirilməsi və yenilənməsi də planlaşdırılır.
Şəhərin mərkəzində Xaqani bağı da əsaslı şəkildə yenilənib. Bağın ərazisi genişləndirilib, ətraf küçələr piyada zonaya çevrilib, yaşıllaşdırma və işıqlandırma sistemləri yenilənib, uşaq və istirahət zonaları yaradılıb.
Dəmir yol vağzalının qarşısındakı meydanın yenidən qurulması da tamamlanaraq istifadəyə verilib. Bu layihə şəhər mərkəzində hərəkət və istirahət imkanlarını yaxşılaşdırıb.
Ümumilikdə Bakı üzrə həyata keçirilən və planlaşdırılan layihələr şəhərin ekoloji balansının gücləndirilməsinə, piyada mobilliyinin artırılmasına və yeni ictimai məkanların yaradılmasına yönəlib. Proqramın əsas hissəsinin 2026–2030-cu illər aralığında mərhələli şəkildə tamamlanması nəzərdə tutulur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Qeyd olunub ki,...