Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik İDDİA

Bakıda 30 yaşlı rejissor Kamran Hüseynov (soyad şərtidir) 60 yaşlı sürücünü döydüyü üçün həbs olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Kamran Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və məhkəmə icraatına verilib.
İstintaqla müəyyən olunub ki, hadisə Nərimanov rayonu, M.F.Axundzadə 41/47 ünvanında baş verib. Kamran Hüseynov bir qadının azyaşlı övladı ilə yolu keçdiyini, bu zaman "Mitsubishi Pajero" markalı avtomobilin onlara yaxınlaşdığını, sürücünün isə telefondan istifadə etdiyini görüb. Qadın sürücüyə irad bildirərək ərazidən uzaqlaşıb.
Hadisədən sonra Kamran avtomobilə yaxınlaşaraq sürücüyə "Korsan, uşağın gəldiyini görmürsən? Sürə bilmirsənsə, sürmə" deyə irad bildirib. 1965-ci il təvəllüdlü sürücü Elxan isə "Gələnlərin hamısını görürəm, buna görə avtomobili saxladım. Oğlum yaşındasan, niyə mənimlə belə danışırsan?" cavabını verib. Bu sözlərdən sonra Kamran əsəbiləşərək Elxanı sifət nahiyəsindən vurub və onun burnunu sındırıb.
Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə çıxış edərək maddi ziyana görə 2 630 manat, mənəvi ziyana görə isə 200 000 manat, ümumilikdə 202 630 manat təzminat tələb edib.
Məhkəmənin hökmü ilə Kamran Hüseynova 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, Kamran Hüseynov bir neçə televiziya kanalında rejissor kimi çalışıb.
Oxşar xəbərlər
Yayda sərinlədən içkilərin orqanizmə ziyanları və faydaları nələrdir?
Hər birimiz yay aylarında sərin içkiləri (xüsusi ilə də buz kimi soyuq içkilər) içməyi demək olar ki, vərdiş etmişik. BAKU.WS xəbər verir ki, sərin içkilər yayı...
