Bakıda qəza-xilasetmə texnikalarının fəaliyyətini məhdudlaşdıran süni maneələr sökülüb

Bakıda qəza-xilasetmə texnikalarının fəaliyyətini məhdudlaşdıran süni maneələr sökülüb
Foto
Sosial 195

Yanğın hadisələri ilə mübarizə zamanı yanğın-xilasetmə qüvvələrinin çevik və effektli fəaliyyət göstərməsi üçün bina və qurğulara sərbəst yanaşmanın, o cümlədən xüsusi təyinatlı yanğın-xilasetmə texnikalarının çevik döyüş açılışı üçün müvafiq şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması halları aşkar olunur ki, bunlar da yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaratmaqla əməliyyatların çevik və effektli aparılmasında çətinlik yarada bilər.

Qeyd olunan faktların aşkar edilib aradan qaldırılması məqsədilə Xidmət tərəfindən növbəti reydlər keçirilib.

Paytaxtın Nərimanov və Binəqədi rayonlarında keçirilən reydlər zamanı görülən tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Reydlər zamanı Nazirliyin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı yanğın-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edib və xatırladıblar ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.

Son xəbərlər