Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM

Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM
Foto
Sosial 40

Yay mövsümündə istirahət planları aktuallaşır. Kimi ölkə xaricinə, kimi isə bölgələrə üz tutur.

Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin bir qismi isə bağ evlərinə üstünlük verir ki, bu da kirayə bazarında hərəkətliliyi artırır. Xüsusilə Bakı və Abşeron yarımadasında bağ evlərinə tələbatın çoxalması qiymətlərdə də özünü göstərir. Bəs bu mövsüm bağ kirayələmək istəyənlər bunun üçün nə qədər vəsait xərcləməli olacaqlar?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

1000 manatdan 30 min manata qədər

Bu il bağ evlərinin kirayə qiymətləri ötən illərlə müqayisədə daha yüksəkdir. Qiymətlərə təsir edən əsas amillər dənizə yaxınlıq, hovuzun olması, torpaq sahəsinin ölçüsü, evin təmir vəziyyəti və infrastruktur imkanlarıdır. Xüsusilə dəniz sahilinə yaxın, geniş həyətyanı sahəyə və yüksək komfort şəraitinə malik villalar bazarın ən bahalı seqmentini təşkil edir.

Bakıətrafı bəzi villaların aylıq kirayə haqqı 30 min manata qədər yüksəlir. Söhbət əsasən Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və Nardaran kimi prestijli qəsəbələrdə yerləşən villalardan gedir. Ərazilər üzrə qiymətlər fərqlənir: Nardaranda aylıq kirayə haqqı 4 500-20 000 manat, Bilgəhdə 2 500-17 000 manat, Pirşağıda 1 500-14 000 manat arasında dəyişir. Mərdəkanda bağ evləri əsasən 3 500-15 000 manata, Şüvəlanda isə 1 500-8 500 manata təklif olunur. Günlük villalar isə 150 manatdan başlayır, 500 manata qədər yüksəlir.

Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM

Dənizdən nisbətən uzaq ərazilərdə qiymətlər daha münasibdir. Türkan, Zirə, Hövsan və Maştağa kimi qəsəbələrdə daha əlçatan qiymətlərlə bağ evi kirayələmək mümkündür. Bu ərazilər əsasən orta büdcəli ailələrin seçimləri sırasında yer alır.

Hazırda Türkanda bağ evlərinin aylıq kirayə haqqı 600-2 000 manat, Zirədə 700-2 500 manat, Hövsanda 700-2 000 manat, Maştağada isə 800-3 000 manat aralığında dəyişir. Hovuzlu bağlarla adi bağlar arasındakı fərq 2-3 dəfə çoxdur.

"Əvvəllər xaricə 500 dollara səyahət edə bilirdiksə..."

Əmlak eksperti Firdovsi Xəlilov da təsdiqləyir ki, son illərdə Bakı ətrafında kirayəyə verilən bağ evləri və villalar bazarında ciddi dəyişikliklər müşahidə olunur. Ekspert hesab edir ki, bu tendensiyaya təsir edən əsas səbəblərdən biri xarici istirahətin bahalaşmasıdır:

"Quru sərhədlərin bağlı qalması və təyyarə biletlərinin bahalaşması insanların ölkə xaricinə səyahət imkanlarını məhdudlaşdırıb. Nəticədə yerli istirahət məkanlarına maraq artıb. Əgər əvvəllər adambaşına 500-600 dollar büdcə ilə xarici istirahət planlaşdırmaq mümkün idisə, indi eyni büdcə ilə bunu həyata keçirmək demək olar ki, mümkün deyil".

Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM

"Bəzi villalar personalı ilə verilir"

F.Xəlilovun sözlərinə görə, qiymətlərə təsir edən ikinci mühüm amil Bakı ətrafında həyata keçirilən iri yaşayış və istirahət layihələridir:

"Həmin layihələr çərçivəsində həm mənzillər, həm də villalar kirayə bazarına çıxarılır. Eyni zamanda bu ərazilərdə yaradılan geniş infrastruktur onların cəlbediciliyini artırır və tələbatın yüksəlməsinə səbəb olur. Hazırda Bakı və ətraf ərazilərdə istirahət məqsədilə kirayəyə verilən bağ evləri və villaların qiyməti obyektin yerləşməsindən, dənizə yaxınlığından, hovuzunun olub-olmamasından, eləcə də evin villa, "A-frame" və ya klassik həyət evi tipində olmasından asılı olaraq dəyişir. Bu tip obyektlərin aylıq kirayə haqqı təxminən 3 min manatdan 30 min manata qədərdir. Bəzi villalar bağban, texniki xidmət işçiləri və digər xidmət personalı ilə birlikdə təklif olunur ki, bu da qiymətə təsir edən amillərdən biridir".

Villanı üç aylıq müqavilə ilə götürsəniz...

Əmlak eksperti bildirir ki, qiymətə təsir göstərən amillərdən biri də obyektin hansı müddətə icarəyə götürülməsidir: "Məsələn, aylıq kirayə haqqı 10 min manat olan villanı üç və ya dörd aylıq müqavilə ilə götürdükdə daha sərfəli şərtlər əldə etmək mümkündür. Nəzərə almaq lazımdır ki, bu obyektlərin böyük əksəriyyəti mövsümi xarakter daşıyır. Buna görə də yay aylarında qiymətlər daha yüksək olur".

Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM

Villaları və bağ evlərini icarəyə götürərkən diqqət edilməli məqamlardan danışan ekspert qeyd edir ki, obyekt təhvil alınarkən onun vəziyyəti mütləq sənədləşdirilməlidir:

"Xüsusilə villaların icarəsi zamanı həm icarəyə verən, həm də icarəyə götürən tərəf obyektin vəziyyətini foto və video çəkilişlərlə qeydə almalı, təhvil-təslim aktı tərtib etməlidir. İnventar siyahısının hazırlanması da məqsədəuyğundur. Çünki kirayə müddəti başa çatdıqdan sonra inventarla bağlı tərəflər arasında mübahisələr yarana bilər. Bundan əlavə, tərəflərin hüquq və öhdəliklərini aydın şəkildə müəyyən edən yazılı müqavilənin bağlanması gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması baxımından vacibdir".

"Qiymət artımı son illərdə davamlı xarakter alıb"

Əmlak eksperti Anar Nəsirov deyir ki, Bakıətrafı qəsəbələrdə kirayə bazarında qiymət artımı son illərdə davamlı xarakter alıb:

"2019-cu ildən etibarən Bakı və ətraf qəsəbələrdə kirayə mənzillərin qiymətində mütəmadi artım müşahidə olunur. Tələbin artması qiymətlərə birbaşa təsir göstərir və bu tendensiya 2026-cı ildə də davam edir. Xüsusilə istirahət üçün əlverişli şəraitə malik qəsəbələrdə bağ evlərinin qiymətində artım müşahidə olunur".

Mütəxəssis bildirir ki, vətəndaşların əksəriyyəti yay mövsümündə qiymətlərin daha da yüksələcəyini nəzərə alaraq bağ evlərini əvvəlcədən, əsasən mart-aprel aylarından bron edir. Bu isə tələbatın daha erkən formalaşmasına səbəb olur:

"Ən yüksək qiymətlər dənizə yaxın və istirahət üçün əlverişli ərazilərdə müşahidə edilir. Ev sahilə nə qədər yaxın yerləşirsə, kirayə haqqı da bir o qədər yüksək olur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər