Bakı metrosunda zibil qabları niyə qoyulmur? - RƏSMİ CAVAB

Hər ay minlərlə sərnişinə xidmət göstərən Bakı metropolitenində illərdir diqqət çəkən bir məqam var: stansiyalarda zibil qutularının olmaması...
Bəs görəsən buna səbəb nədir? Metro stansiyalarının daxilində və platformalarda təmizlik necə təşkil olunur?
Məsələ ilə əlaqədar Bakı Metropoliteninin Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, metropolitenin stansiyalarında tullantı qablarının yerləşdirilməməsi təhlükəsizlik tələbləri ilə bağlıdır:
"Bu, sərnişin axınının yüksək olduğu qapalı məkanlarda mümkün risklərin qarşısının alınması məqsədi daşıyır. İctimai nəqliyyat obyektlərində, xüsusilə kütləvi hərəkətliliyin olduğu metro stansiyalarının vestibül və platformalarında tullantı qablarının quraşdırılması ciddi təhlükə yarada bilər".
Metropolitenin açıqlamasında o da qeyd olunub ki, sanitariya-gigiyena tələblərinə uyğun olaraq Bakı metropoliteninin stansiyaları hər gün fasiləsiz nəzarətdə saxlanılır. Gün ərzində daimi olmaqla təmizlik işləri təmin edilir.
"Qeyd edək ki, "Bakı Metropolitenindən istifadə qaydaları"nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmaq və çirkləndirmək olmaz.
Sərnişin marağı nəzərə alınaraq təhlükəsizlik təmin edilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən tullantıların metro stansiyalarına və vaqonlara atılması qəti qadağandır. Hər bir sərnişin tullantını özü ilə aparıb stansiyadan kənarda yerləşdirilmiş tullantı qutularına atması tövsiyə olunur", - deyə "Bakı Metropoliteni" QSC-dən vurğulanıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda valideynlərin uşaqlara qoymaq istədikləri qəribə adlar: Rəzil, Türmə, Stəkan
"Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir". BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Nazirlər Kabin...