Bakı metrosunda məsafəyə görə gediş haqqı tarifi tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Metropolitendə məsafəyə görə gedişhaqqı sistemi beynəlxalq praktikada geniş istifadə olunur. Model xüsusilə qonşu ölkələrin şəhərlərində - Moskva və İstanbulda uğurla tətbiq edilir.
Bu yolla sərnişinlər qət etdikləri məsafəyə uyğun olaraq ödəniş edirlər. Sistemin tətbiqi ilə qısa məsafələrə səyahət edən sərnişinlər daha az, uzun məsafələrə səyahət edənlər isə daha çox ödəniş etməli olurlar.
Bəs görəsən belə bir sistemin ölkəmizdə tətbiqi nə dərəcədə realdır? Ümumiyyətlə Bakı Metropoliteni və əhali məsafəyə görə ödəniş sisteminə hazırdırmı?
BAKU.WS bu suallardan yola çıxaraq nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədova müraciət etdi.
Ekspert bildirdi ki, metroda gedişhaqqı dünyanın əksər ölkələrində fərqli hesablanır:
"Bəzilərində standart ödəniş olduğu halda bir qismində məsafəyə görə ödəniş alınır. Düşünürəm ki ölkəmizdəki sistem daha ədalətlidir. Xüsusən də vətəndaşların büdcəsini nəzərə aldıqda bizim sistemimiz daha məqsədəuyğundur".
A. Əsədov deyir ki, hazırda metroda gedişhaqqının qiymətinə yenidən baxılması tezdir və ödəniş öz yerində qalsa yaxşıdır.
"Fikrimcə ölkəmizdə məsafəyə görə ödəniş sistemi tətbiq edilsə gedişhaqqı 50 qəpikdən başlayaraq artan olacaq. Bu zaman uzaq məsafəyə gedən daha çox pul ödəməli olacaq", - deyə ekspert vurğulayıb.
"Bakı Metropoliteni"nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, Bakı Metropolitenində dünyada olan əksər böyük ödəniş üsulları tətbiq oluna bilər. Gördüyünüz kimi bu istiqamətdə mərhələli şəkildə addımlar atılır. Məsələn QR kodla ödəmə tətbiq edilib. Hazırda bank kartları ilə ödəniş üzərində iş aparılır.
"Bakı metrosunda sizin dediyiniz məsafəyə görə ödənişin müxtəlif variantları tətbiq oluna bilər. Bunun üçün ilk növbədə Metropolitenin mövcud infrastukturu, həmin texnologiyaların tətbiqinin səmərəliliyi, effektivliyi və sərnişin üçün rahatlığı ölçülüb biçilməlidir. Bütün bunların da özlüyündə müəyyən şərtləri və tələbləri var. Məsələn diferensial ödənişin tətbiqi zamanı girişdə və çıxışda kartların vurulması sistemi yaradılmalıdır ki bu ayrılıqda dəyərləndirilib qiymətləndirilməlidir".
"Ən vacibi odur ki, tətbiq olunacaq sistemlərin reallığı və zəruriliyi xüsusi qiymətləndirilməlidir. Sərnişinə xidmətin məmnuniyyət hissəsi ən vacib məsələdir. Sadalanan məsələlərin hər biri hazırda diqqət mərkəzindədir və zamanla da hər birinin tətbiqi diqqətdən kənar saxlanılmayacaq", - deyə metropolitenin sözçüsü qeyd edib.
Banu Hüseynli
Oxşar xəbərlər
Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi - Heç kəs şikayət verməyib
Bakının Xətai rayonunda 5 ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində çıxarılan hökm qanuni qüvvəyə minib. BAKU.WS Teleqraf.com-a isti...