Bakı metrosu COP29-un ilk günlərində sərnişinlərini 1 saat tez qəbul edəcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə (noyabrın 11-13-də) "Bakı Metropoliteni" QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.
Onun sözlərinə görə, bu addım COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən atılacaq.
"Dünyanın ən mötəbər tədbirlərindən biri - COP29-la əlaqədar metroda gücləndirilmiş iş rejiminin xüsusiyyətlərinə dəyişiklik ediləcək. Rəhbərlik və əməkdaşların ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd ehtiyac yarandığı halda sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir. Sərnişinlərin COP29 məkanlarına, eləcə də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və sair istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, metrodan istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 stansiyada COP29 Əməliyyat Şirkətinin könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər", - deyə o qeyd edib.
Rəis müavini əlavə edib ki, noyabrın 11-13-ü ölkəmizdə qeyri-iş günü elan edilsə də, metroda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq: "3 gün ərzində "Qırmızı xətt"in "Həzi Aslanov" - "28 May" sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-a qədər, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə fərqlə təşkil ediləcək. "Yaşıl xətt" və "Qırmızı xətt"lərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Bu, metro xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir".
Metro rəsmisi, həmçinin diqqətə çatdırıb ki, "Həzi Aslanov" - "28 May" sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək: "İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək. Belə ki, saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. "Bənövşəyi xətt"də qatarlar arasında intervallar "Avtovağzal" - "8 Noyabr" sahəsində 8 dəqiqə, "Xocəsən" - "Avtovağzal" yol mənzilində isə əsasən 16 dəqiqə təyin edilib. "Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlərdə qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək".
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...