Bakıda kütləvi benzin problemi: maşınlar servisdə qalıb (FOTO)

Bakıda kütləvi benzin problemi: maşınlar servisdə qalıb (FOTO)
Sosial 16407
 

Sosial şəbəkədə benzinin keyfiyyətinin aşağı olması ilə bağlı şikayətlər edilir. 

BAKU.WS-in məlumatına görə, sürücülər kütləvi şəkildə avtomobillərin yolun yarısında boğulması, mühərrikin normal çəkməməsi və avtomaşına qaz verəndə titrəməsini bildiriblər.  

Musavat.com saytının redaktoru Xalid Kazımlı Facebook sosial şəbəkəsində oxşar problemlə bağlı status yazıb: 

"Dünən Tovuza gedərkən iki ayrı-ayrı və ikisi də təzə, saz maşında eyni problemi yaşadıq. Avtomobillər yolun yarısında boğuldu, çəkmədi, qaz verəndə titrədi... Premium markalı benzin əlavə edəndən sonra bir az babatlaşdılar. Sizcə, bu problem benzindən (A-92) qaynaqlanıb, yoxsa aran yolunun istisindən?"

X.Kazımlının statusuna yazılan rəylərdən məlum olub ki, belə problemlə üzləşənlərin sayı az deyil. Elşad Məmmədli şərh yazıb ki, onlarla maşın eyni problemlə səhərlər ustaların yanına gedirlər: 

"Səhər də maşın eyni problemi yaşatdı işə gələndə. Apardım servisə. Orada bu problemlə gələn maşınların sayı-hesabı yox idi. Usta dedi ki, yanacaqla bağlı problemdir, son 10 gündə bezmişik eyni şikayətlə gələn maşınların əlindən. Çarə də tapılmır".

Məsələ ilə bağlı bir neçə yanacaqdoldurma məntəqəsi ilə əlaqə saxladıq. "Lukoil"dan bildirdilər ki, problemin nədən qaynaqlandığı dəqiq deyil. "Azpetrol" YDM-dən də cavab eyni oldu. SOCAR YDM-dən isə benzin vurulan YDM-ə yaxınlaşaraq məsələni orda dəqiqləşdirmək məsləhəti verildi. 

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, "Azpetrol", Lukoil" və SOCAR-da Aİ-92 benzinin keyfiyyəti normaldır. Lakin digər yanacaq doldurma mərkəzlərində sözügedən benzin növünün keyfiyyəti bəlli deyil. 

O, qeyd edib ki, sonuncu dəfə 2 il əvvəl A92 benzinin keyfiyyəti yoxlanılıb. 

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci ildə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini Milli Məclisə göndərib, qanun layihəsinə görə, həmin ilin noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 

Tuncay

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər