Azərbaycanda turizm şirkətlərindən pulsuz bilet fırıldağı

Azərbaycanda turizm şirkətlərindən pulsuz bilet fırıldağı
Sosial 1236

 

"Türkiyəyə bir həftəlik tur paket almışdım. Müraciət etdiyim turizm şirkəti paketi aldığım təqdirdə biletlərin pulsuz olacağını bildirdi. Mən də bu təklifi əla fürsət kimi qiymətləndirdim və sifariş verdim. Ancaq hava limanına gedəndə aldandığımı anladım. Çünki turizm şirkətinin mənim üçün bron etdiyini dediyi biletlər faktiki yox idi".   

Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Ənvər Əliyev söyləyib. Onun sözlərinə görə, ilk dəfədir ki, bu cür hadisə ilə qarşılaşır. Ənvər bəy deyir ki, iş adamı olduğu üçün tez-tez xaricə səfər edir. Turizm şirkətinin bu əlverişli təklifini dəyərləndirməklə həyatının şokunu yaşayıb: "Mənə dedilər ki, bilet pulsuzdu. Ancaq bileti bron etmədikləri məlum oldu. Daha sonra məcbur qalıb yenidən bilet aldım və Türkiyəyə yollandım".

Məsələ ilə bağlı kiçik bir araşdırma apardıq və məlum oldu ki, həqiqətən də bu cür turizm şirkətləri fəaliyyət göstərir. Fəaliyyət göstərmək üçün tələb olunan lisenziyanın alınma şərtləri sadələşdikdən sonra bəzi işbazlar bunu fürsətə çevirib. Özünə turizm şirkəti yaradan iş adamı şişirdilmiş kampaniyalar təşkil edərək qazanc əldə etməyə çalışır. Reklam kampaniyasına aldanaraq sifariş verən müştəri isə sonda vəziyyətin heç də zənn edildiyi kimi olmadığını başa düşüb. Hətta bu əməllərinə AZAL-ı da alət edən işbazlar asan qazanc əldə edirlər.  

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BAKU.WS-ə açıqlamasında bildirib ki, vətəndaşlar bu tipli kampaniyalarla rastlaşdıqda QSC-nin rəsmi saytına müraciət etsinlər. Qurum rəsmisi bildirir ki, AZAL-ın rəsmi saytında əməkdaşlıq etdikləri turizm şirkətlərinin adları qeyd edilib. Paşa Kəsəmənski vətəndaşlara yalnız həmin siyahıdakı şirkətlərə etibar etməyi məsləhət görürür.

Ölkədə sahibkarlar üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edilir. Ancaq təəssüf ki, bəzi işbazlar rəqabat şəraitində işləmək və ölkə iqtisadiyyatına töhfə vermək əvəzinə asan qazanc yoluna qaçırlar. Çox güman ki, vətəndaşları aldadaraq pullarını mənimsəyən turizm şirkətlərinə qarşı qanun çərçivəsində mübarizə aparılacaq.     

F.Məmmədov

BAKU.WS  

Oxşar xəbərlər

Son xəbərlər