Azərbaycanda taksilərlə bağlı yeni qərar verildi

Azərbaycanda taksilərlə bağlı yeni qərar verildi
Sosial 3556

 

Azərbaycan Nazirlər Kabineti "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ın təsdiq edib.

"Report”un xəbərinə görə, bu qaydalar ölkədaxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların, sürücülərin hüquqlarını, vəzifələrini, həmçinin Azərbaycan Respublikasının ərazisində rəqəmsal taxoqrafla təchiz olunmuş sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir. 

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədi sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası), sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar (M3 kateqoriyası), yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası), yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası) yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur. Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri, daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri, icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan nəqliyyat vasitələri, taksi minik avtomobilləri taxoqrafla təchiz olunmur. 

Avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi hüquqi şəxslərin və fərdi sahibkarların öz vəsaitləri hesabına həyata keçirilir. Sürücülərin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada Nəqliyyat Nazirliyi həyata keçirir. Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən yol hərəkəti qaydalarına və hərəkətin təhlükəsizliyinə riayət olunmasına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırılır. İş (növbəlilik) cədvəlləri gündəlik iş vaxtının başlanma və bitmə anını, müddətini, istirahət və qidalanma üçün fasilələrin vaxtını, gündəlik (növbələrarası) və həftəlik istirahət vaxtını müəyyən edir. İş (növbəlilik) cədvəli işəgötürən tərəfindən təsdiq edilir. Gündəlik iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş müddətdə sürücünün əsas iş yerinə qayıda bilməsinin mümkünsüz olduğu daşımalarda avtomobil sürücüləri uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman bu qaydaların tələblərini və avtomobilin hərəkət və dayanma müddətlərini nəzərə alır. İş vaxtı ərzində sürücü öz əmək funksiyalarını əmək müqaviləsinin şərtlərinə, təşkilatın daxili intizam qaydalarına və iş (növbəlilik) cədvəlinə uyğun olaraq yerinə yetirməyə borcludur. 

Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı iş vaxtının başlanma anı, avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görülüb başa çatdırıldığı an isə iş vaxtının bitmə anı hesab olunur. Bilavasitə iş yerinə gəlməklə və iş yerindən getməklə bağlı qeydiyyata sərf olunan vaxt iş vaxtına daxil edilmir.Ayrı-ayrı hallarda işin başlanma və bitmə vaxtı əsas iş yerindən kənarda müəyyən edilə bilər və bu barədə əvvəlki iş günü başa çatmamış sürücüyə məlumat verilməlidir. Şəhərlərarası (rayonlararası) daşımalar zamanı iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət vaxtının başa çatdığı an növbədəki sürücünün iş vaxtının başlanma anı sayılır, marşrutun aralıq və ya son məntəqəsində cədvəl üzrə istirahət vaxtının başlandığı an isə iş növbəsinin bitmə anı hesab olunur. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır. 2.6. Sürücünün iş vaxtı xəttə çıxmazdan əvvəl və xətdən geri qayıtdıqdan sonra hazırlıq və yekun işlərinin yerinə yetirilməsi üçün tələb edilən vaxt, şəhərlərarası (rayonlararası) daşımalarda isə geri qayıdış məntəqəsində və ya yolda (duracaqda) növbədən əvvəl və növbə başa çatdıqdan sonra işlərin görülməsi üçün tələb edilən 20 dəqiqəlik vaxtdan, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün 5 dəqiqəlik vaxtdan, avtonəqliyyat vasitəsinin idarə olunduğu vaxt, reysə iki sürücü göndərildiyi zaman sürücünün iş yerində olduğu, lakin avtonəqliyyat vasitəsini idarə etmədiyi vaxtdan, yükvurma və yükboşaltma məntəqələrində, sərnişinlərin avtonəqliyyat vasitəsinə mindiyi və düşürüldüyü yerlərdə, xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin istifadə edildiyi yerlərdə dayanma müddətindən, sürücünün təqsiri olmadan baş verən boşdayanmaların müddətindən, yolda avtonəqliyyat vasitəsinin idarə edilməsini dayandıraraq istirahət etmək və marşrutun son təyinat məntəqələrində dincəlmək üçün iş (növbəlilik) cədvəlində nəzərdə tutulmuş xüsusi fasilələrin müddətindən, xətdə iş zamanı avtonəqliyyat vasitəsinin istismarı zamanı yaranmış nasazlıqların aradan qaldırılması üçün görülən və mexanizmlərin sökülməsini tələb etməyən işlərin, habelə səyyar şəraitdə texniki yardım olmadan görülən tənzimləmə işlərinin müddətindən, mühafizə vəzifələri sürücü ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulubsa, şəhərlərarası (rayonlararası) daşımalar həyata keçirilərkən, marşrutun aralıq və sonuncu məntəqələrində yükün və avtomobilin mühafizə edildiyi müddətindən ibarətdir. Reysə iki sürücü göndərilərkən, sürücünün iş yerində olduğu, amma avtomobili idarə etmədiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 50 faizdən az olmamaqla müəyyən edilir. Yükün və avtonəqliyyat vasitəsinin mühafizə edildiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 30 faizdən az olmamaqla müəyyən edilir. Sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman hazırlıq və yekun işlərinə sərf olunan vaxtın qüvvədə olan normalarını, reysqabağı tibbi müayinənin müddətini, yolda qısa və uzunmüddətli istirahət vaxtını, yükvurma və yükboşaltmanın müddətini, daşıma məsafəsini və sürücülərin təyin olunmuş iş rejimini, yük avtomobillərinin yürüş məsafəsi üzrə normalarını nəzərə alır. 

Tapşırıqda (cədvəldə) müəyyən edilmiş müddət iş vaxtı hesab edilir. İş vaxtından artıq vaxtda görülən işin əmək qanunvericiliyinə uyğun olaraq hər saatı üçün əməkhaqqı ödənilir. Əmək qanunvericiliyində, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş hallar istisna olmaqla, iş vaxtından artıq vaxtda işə cəlb olunmağa yalnız sürücünün razılığı ilə yol verilir. Növbəli iş rejimi sürücülərin növbə ilə bir-birini əvəzləməsinin ardıcıllığını müəyyən edir və hər bir növbənin müddəti qanunvericiliklə müəyyən edilmiş gündəlik iş (növbə) müddətindən az olmamalıdır. Digər iş rejimləri (iş vaxtının hissələrə bölünməsi, sutkalıq növbələr) növbəli iş rejiminə aid edilmir. Növbəli iş rejimində iş vaxtı rejimi iş (növbəlilik) cədvəli ilə müəyyən edilir. Bu zaman növbənin müddəti 12 saatdan artıq ola bilməz. Sürücülər növbələr üzrə bərabərlik qaydasında bir-birini əvəzləyirlər. Ardıcıl olaraq iki növbə ərzində işləməyə yol verilmir. Müəyyən edilmiş gündəlik və ya həftəlik iş vaxtına əməl olunması istehsalat (iş) şərtləri səbəbindən mümkünsüz olduğu və ya iqtisadi cəhətdən məqsədəuyğun olmadığı hallarda, sürücülərin iş vaxtının cəmlənmiş uçotu aparılır. İş vaxtının uçot dövrü işəgötürən tərəfindən müəyyən edilir və bu dövr bir təqvim ilindən artıq ola bilməz. Uçot dövrü təqvim dövrləri (ay, rüb) ilə və ya digər dövrlərlə müəyyən edilə bilər. Sürücülər üçün uçot dövrü bir ay təşkil edən iş vaxtının cəmlənmiş qaydada uçotu tətbiq edilir. İş vaxtının cəmlənmiş qaydada uçotu işəgötürən tərəfindən müəyyən edilir. İş vaxtının cəmlənmiş qaydada uçotu aparılarkən, sürücü gündəlik işin (növbənin) və iş həftəsinin müəyyən edilmiş müddətini bütövlükdə uçot dövrü ərzində işləyib başa vurur. Bu zaman iş növbəsi və ya iş həftəsi üçün planlaşdırılmış iş vaxtları bərabər olmaya bilər. Bütün hallarda uçot dövrü üçün iş (növbəlilik) cədvəli üzrə iş saatlarının cəmi həmin dövr üçün əmək qanunvericiliyinə uyğun olaraq hesablanan saatların normasından artıq olmamalıdır. 2.16. İş vaxtının cəmlənmiş uçotu aparılarkən, işəgötürənin sərəncamı ilə sürücünün iş gününün (iş növbəsinin) müddəti 10 saatdan artıq olmamaq şərtilə ayrı-ayrı hallarda (müntəzəm marşrut xətlərində sərnişinlərin daşınmasını həyata keçirən şəhərdaxili avtonəqliyyat vasitələrinin sürücüləri şəhərlərarası daşımanı həyata keçirərkən, onların istirahət etmək üçün müvafiq yerə gedə bilməsinə imkan yaratmaq zəruri olduğu hallarda) isə 12 saatdan artıq olmamaq şərtilə təyin edilə bilər və bu zaman uçot dövrü ərzindəki iş vaxtının müəyyən edilmiş normasına riayət edilməlidir. 

Ardıcıl iki təqvim günündən artıq müddətdə 12 saatlıq iş gününün (iş növbəsinin) müəyyən edilməsinə yol verilmir. Şəhərlərarası (rayonlararası) daşıma həyata keçirilərkən, sürücünün 12 saatdan artıq müddətdə avtomobildə olmasının nəzərdə tutulduğu hallarda reysə iki sürücü göndərilir. İş vaxtının cəmlənmiş qaydada uçotu aparılarkən, sürücülərin iş vaxtı iş (növbəlilik) cədvəlləri ilə tənzimlənir. Bu zaman iş (növbəlilik) cədvəlləri bütün uçot dövrü üçün tərtib edilir və sürücünün həmin dövrə müəyyən edilmiş iş saatlarını işləməli olduğu nəzərə alınır. Cədvəllərdə gündəlik işin (növbənin) başlanma və bitmə anı və ümumi müddəti, istirahət və qidalanma üçün fasilə vaxtları, habelə növbələrarası və həftəlik istirahət üçün ayrılan vaxt müəyyən edilir. Sənaye, tikinti, kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların texnoloji proseslərində daşımalarla məşğul olan sürücülər üçün iş (növbəlilik) cədvəlləri tərtib olunarkən, həmin cədvəllərin xidmətlərin göstərildiyi təşkilatların işçilərinin iş (növbəlilik) cədvəlləri ilə uzlaşması nəzərə alınır. 

Sürücülər üçün hissələrə bölünmüş iş günü tətbiq edilə bilər. İş gününün ayrı-ayrı hissələri arasında istirahət və qidalanma üçün 4 saatdan çox olmamaq şərtilə 2 saatdan artıq bir fasilə, yaxud ümumi müddəti 4 saatdan çox olmamaq şərtilə iki və daha artıq fasilə verilə bilər. Bu zaman gün ərzində iş vaxtının ümumi müddəti iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş gündəlik iş vaxtının müddətindən artıq olmamalıdır. İş gününün hissələri arasındakı fasilələr iş vaxtına daxil edilmir. İş gününün iki hissəsi arasında fasilə avtomobilin dayanacağı yer qismində müəyyən edilən və sürücünün istirahəti üçün təchiz olunan yerdə verilir. İş gününün hissələrə bölünməsi məsələsi işəgötürən tərəfindənhəll edilir. Sürücülərin iş vaxtının uçotu iş vaxtında istifadəyə dair qeydlərin aparıldığı uçot tabeli, habelə yol vərəqələri əsasında həyata keçirilir. Növbələrarası boşdayanmaların müddəti 5 dəqiqədən başlayaraq nəzərə alınır. Sürücülərin boşdayanmalarının müddətinin uçotu boşdayanmalara dair qeydlərin aparıldığı vərəqələrin doldurulması ilə və ya müəyyən edilmiş formada hazırlanan yol vərəqəsində xüsusi qeydlərin yazılması ilə həyata keçirilir. Boşdayanma müddətində işçilərin digər işlərdə istifadə edilməsi müddəti boşdayanma vərəqəsinə daxil edilmir. Ezamiyyə yerində sürücünün iş vaxtı onun iş yerində müəyyən edilmiş ümumi qaydaya uyğun olaraq nəzərə alınır. Ezamiyyə yerində iş daimi iş yerindəki iş (növbəlilik) cədvəlindən fərqli qaydada müəyyən edilibsə, avtomobil sürücüsünün iş vaxtı müəyyən edilərkən onun işlədiyi faktiki müddət nəzərə alınır və işlədiyi yerdən onun iş vaxtının uçot tabeli təqdim edilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər