Azərbaycanda taksi sürücüləri ilə bağlı tələblər sərtləşdirilib
Azərbaycanda taksi sürücülərinə qarşı tələblər sərtləşdirilib. BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında bununla bağlı "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən əlavələr qəbul olunub. Qanunun 27-ci maddəsinə edilən əlavəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B” və ya "BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır. Hazırda isə yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsi bir ildən az olmayan sürücülər taksi minik avtomobilləri ilə sərnişin daşımaları ilə məşğul ola bilir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə isə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırma üçün taksometrlə bağlı daha bir tələb şərt kimi qoyulacaq. Həmin şərt taksi minik avtomobilləri ilə sərnişin daşıması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamənin olmasıdır.
BAKU.WS
Oxşar xəbərlər
Nəqliyyat Nazirliyinin daha bir departamenti işini dayandırdı
Bu gün Nəqliyyat Nazirliyində daha bir departamenti fəaliyyətini dayandırılıb. BAKU.WS-in verdiyi məlumata görə, bu gündən etibarən Nəqliyyat Nazirliyinin tərk...