Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: "İkinci dalğa..."

Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: İkinci dalğa...
Sosial 6287

BAKU.WS teleqraf.com-a istinadən Milli Məclisin deputatı, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudovun müsahibəsini təqdim edir:

- Rəşad müəllim, pandemiyaya dair karantin rejimində yumşalmalar qeydə alınsa da, ümumilikdə avqustun 31-nə dək karantin davam edəcək. Siz hazırda COVID-19-la bağlı ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Ötən aylarla avqustdakı nəticələr arasında müqayisə aparsaq, Azərbaycanda pandemiya ilə mübarizədə uğur qazandığımızı demək olar. Yoluxma və sağalma arasında olan nisbət dəyişiklikdə dediklərimiz öz əksini tapır. Əlbəttə, bu halı səhiyyə işçiləri və müəssisələri üçün rahat nəfəs almağa, gözlənilən növbəti dalğaya qarşı həm fiziki, həm mənəvi, həm də psixoloji olaraq hazırlanmaq üçün imkan kimi də qiymətləndirmək olar. Sözsüz ki, sərt karantin rejiminin insanlar üzərində yaratdığı psixoloji, iqtisadi problemlər də karantin rejiminin yumşaldılması ilə insanları müəyyən dərəcədə rahatlaşdırır.

Amma nəzərinizə bir həqiqəti çatdırım, bunun Azərbaycan və ya bölgə səhiyyəsi ilə hər hansı bir əlaqəsi yoxdur. Epidemioloji vəziyyətin dünya tarixinə və tibb elminə diktə etdiyi reallıqlardır. Bunlar nədir? Epidemiologiya yoluxma sayı bir nəfərə qədər aşağı düşsə belə öz aktuallığını itirmir, saxlayır. Və heç kimin gözləmədiyi məqamda nəzarətdən çıxaraq indiyə qədər qarşılaşdığımız durumdan qat-qat ağır vəziyyət yarada bilir. Belə hallar dünya nümunlərində var.

Hazırda ölkələr buna qarşı lazım olan tədbirləri həyata keçirirlər. Yəni hər birimizin arzuladığı karantin rejiminin yumşaldılması, hətta sıfırlanmasına qədər gediləcək yolda uğura cəmiyyətimiz və onun bütün üzvlərinin ortaq şəkildə verəcəyi reaksiya, bu reaksiyanın həyat tərzinə çevrilməsi ilə nail ola bilərik. Bu olmadan əmin olun ki, hökumətin bu gün səhiyyə istiqamətində atdığı addımlar, qısa müddətə bu qədər modul tipli xəstəxanaların hazırlanması, xarici ekspertlərin imkanlarından istifadə edilməsi, dünyada istifadə edilən qabaqcıl dərmanların ölkəmizə gətirilməsi kimi ciddi işlərin həllinə baxmayaraq, epidemioloji vəziyyətə vətəndaşın məsuliyyətli münasibəti ortaya qoyulmasa mənası olmayacaq. Ona görə də, mən fürsətdən istifadə edərək cəmiyyətimizi, onun hər bir üzvünü bu hadisəyə qarşı həssas davranmağa dəvət edirəm.

- Siz ikinci dalğa haqqında qeyd etdiniz. Artıq Avropa məkanında bu müşahidə edilir. Alman səhiyyəsi elan edir ki, hazırda gündəlik min nəfərdə virusa yoluxma qeydə alınır və bu, ikinci dalğanın işartısı ola bilər. Bu mənada Azərbaycanda pandemiyanın ikinci dalğa təhlükəsi, onun proqnozu və yarada biləcəyi fəsadları haqqında nə deyə bilərsiniz?

- Bu təhlükə var və bu gün üçün də aktuallığını itirməyib. Biz Almaniya ilə müqayisə apardıqda və onlar üçün min nəfərin yoluxmasının ikinci dalğanın siqnalı kimi təqdim edildiyini nəzərə aldıqda, üstəlik Azərbaycanda əhalinin Almaniyadakı əhalidən 7-8 dəfə az olduğuna diqqət etsək, sanki gündəlik 1600 yoluxma ilə qarşı-qarşıya olarıq. Yəni bizdə əhali Almaniya əhalisinin sayı qədər olsa, təxminən gündəlik 1600 yoluxmamız olardı. Bu öz yerində, amma hər bir vətəndaşımız bilməlidir ki, dövlətin məcburiyyət qarşısında vətəndaşın təhlükəsizliyi üçün sərt karantini davam etdirməsi əhəmiyyətsiz deyildi. Bunu labüd edən hadisələr var, bunun üçün statistika mövcuddur.

Şükürlər olsun ki, bu statistikada bizlər pis rəqəmlərdən yaxşı rəqəmlərə doğru gəlmişik. Lakin bu gün yumşaldılmanın olması insanlara heç də rahatlıq verməsin. Yəni insanlar əsla düşünməsin ki, bu saat rahat şəkildə istədiyimiz hər bir şeyi edə bilərik. Arzumuz odur ki, dövlətimiz və dünyamız daha böyük dalğalardan qorunsun. Amma bundan heç bir ölkə sığortalanmayıb. Bir daha qeyd edim ki, bu dalğanın artması və ya azalması tək bir səbəbkarı var - cəmiyyət.

- Ötən gün Milli Məclisdə deputat həmkarlarınızın bəziləri mebel mağazalarının, bəziləri xidmət və emal müəssisələrinin açılmasının vacibliyini bəyan etdi. Hətta "Binə” və "Sədərək” ticarət mərkəzlərinin açılmasının vacibliyini vurğulayanlar da oldu. Bu müəsisə və ticarət mərkəzlərinin açılması mümkündürmü?

- Epidemiya bizə göstərir ki, bir yerin açılıb-açılmamasından daha vacibi insanların bu hadisəyə münasibətidir. Bu mənada əmin olun ki, belə müəssisələrin açılmaması iqtisadi baxımdan itkilərə səbəb olsa da, epidemioloji fayda verir. Əgər insanlar, bütövlükdə cəmiyyət bu görünməyən xəstəliklə mübarizədə öz məsuliyyətini dərk edərsə, bu yerlər açılsa belə böyük təhlükə ilə üzləşmərik.

- Dəfələrlə qeyd edirsiniz ki, COVID-19-la mübarizə, onun sıfırlanması daha çox insanlardan, cəmiyyətdən asılıdır. Biz artıq 5 aydan çoxdur ki, bu prosesin içindəyik. Bəs cəmiyyətimizin pandemiyaya qarşı reaksiyası necədir?

- Cəmiyyətin reaksiyasında iki ay əvvəllə müqayisədə indi müsbət dəyişiklik çoxdur. Mənim subyektiv fikirlərimə görə, 2 ay əvvəl cəmiyyətimizin əgər 10 faizi həssaslıqla yanaşı özünün münasibətini sərgiləyirdisə, indi bu rəqəmin 70 faizə qədər yüksəldiyini ehtimal edirəm. Amma 70 faiz belə problemin həlli deyil. Bir cəmiyyətdə azı 90 faiz insan bu hadisəyə qarşı məsuliyyətli münasibətini ortaya qoyanda həmin ölkə ən çətin epidemioloji vəziyyətdən az itkilərlə çıxa bilər.

- Pandemiyaya qarşı mübarizədə həkimlər, bütövlükdə tibb personalı ciddi əmək sərf edib. Bu görünməz düşmənlə mübarizədə həyatını itirən insanlara, hazırda mübarizəni davam etdirən həkimlərə cəmiyyətin münasibəti sizi qane edirmi?

- Əvvəla pandemiya dünya üçün müharibədir. Qarşıda görünməyən düşmən var. Bu düşmənlə mübarizə aparan ön cəbhədəki səhiyyə işçiləri bütün dünyada itkilərlə üz-üzə gəlir. Çünki bu qəhraman insanların virus yükü çox olur. Xəstə insanlarla daha çox təmasda olmaları, onların özünün xəstəliyinin daha ağır keçməsinə səbəb olur. Əsas ölümlərin səbəbi xəstələnmək deyil, xəstələnən zaman məruz qaldıqları virus yükünün çox olmasıdır.

Adını nə qoymağınızdan asılı olmayaraq onlar bizim ürəyimizin, ruhumuzun və bügünkü mübarizəmizin şəhidləridir. Düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, digər ölkələrin də təcrübəsinə baxaraq ölkəmizdə virusla mübarizədə həyatını itirən tibb işçilərinin ailələrinin sosial müdafiəsini gücləndirməklə bağlı addımlar atacaq.

- Milli Məclisdə çıxışınız zamanı bildirdiniz ki, bölgələrdə həkim ştatlarının təxminən 50 faizi boşdur. Tibb Universitetini hər il yüzlərlə gənc həkim bitirsə də, onların işə qəbulla bağlı problemləri var. Gənc mütəxəssislərə bürokratik əngəl yaratmadan işə götürülməsi yolu ilə problemi həll etmək olmazmı?

- Düşünürəm ki, iki səbəb ölkəmizdə həkim nüfuzunu artıracaq. Birincisi, ölkədə son illər yeni səhiyyə siyasətinin mövcud olması, cənab prezidentin icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi haqqında qərarı var. Pandemiya buna ziyan gətirsə də, bu işlər davam etdiriləcək.

İkincisi, pandemiyanın gətirdiyi mənfi hadisələrlə birlikdə həm də Azərbaycan səhiyyəçisinin üzərinə böyük məsuliyyət qoyub. Biz cəmiyyət olaraq bu məsuliyyəti üzərinə götürən səhiyyə işçilərinin davranışını gördük.

Ən azı bu mərhələdə səhiyyə işçiləri bütün çətinliklərə rəğmən öz işini, əməyini ortaya qoydu. Bu vəfat edən həkimlərin, habelə orta və aşağı tibb personalının timsalında Azərbaycan səhiyyəçisi üçün ciddi tarixdir. Aprel döyüşlərində Azərbaycan əsgərinin şanlı qəhramanlığı bütün xalq tərəfindən necə qəbul edildisə, bu dönəm də Azərbaycan səhiyyəçisi üçün həmin tarixdir. Təəssüflər olsun ki, hələlik gözə görünməyən düşmənlə müharibə bitməyib. Hələ səhiyyə işçilərinin üzərinə böyük məsuliyyət düşür. Dövlət də, hökumət də, cəmiyyət də artıq Azərbaycan səhiyyəçisinin problemlərini daha dərindən görməyə başlayır. Biz onların problemlərini görüb həll etdikcə onlardan daha yaxşı, təhlükəsiz və davamlı səhiyyə xidməti ala biləcəyik.

Son xəbərlər