Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Adanadadır, onlar Kahramanmaraşa gedəcəklər

Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Adanadadır, onlar Kahramanmaraşa gedəcəklər
Sosial 93

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Adanaya çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Adanada olan FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev məlumat verib.

O bildirib ki, qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.

Nazirlik rəsmisi vurğulayıb ki, heyətin Kahramanmaraşda fəaliyyət göstərmələri planlaşdırılır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər