Azərbaycanda universitetlərin müddəti 3 ilə endirilləcək? - VACİB AÇIQLAMA

Azərbaycanda ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı təkliflər gündəmə gəlib.
BAKU.WS-in məlumatına görə, bu dəyişiklik təhsil sisteminin Avropa modelinə uyğunlaşdırılması, həmçinin əmək bazarına daha çevik və gənc kadrların daxil olmasına şərait yaratmaqla əlaqələndirilir.
Bu model təhsil sisteminə nə verə bilər? Ölkədə təhsilin inkişafna səbəb ola bilərmi?
Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə açıqlamasında bildirib ki, təhsil sisteminin pillələr üzrə müddətinə yenidən baxmaq cəmiyyətin inkişaf səviyyəsi, əmək bazarının tələbləri, beynəlxalq uyğunluq və iqtisadi resurslarla sıx bağlı olan strateji qərardır:
"Təhlillər göstərir ki, ali, magistratura və orta təhsil səviyyələrinin strukturuna yenidən baxmaq təkcə tədris illərinin sayını dəyişmək deyil, həm də təhsilin keyfiyyətinin məzmunla balanslaşdırılması məsələsidir.
Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlətin təhsil siyasətinin əsas prinsiplərindən biri beynəlxalq təhsil məkanına inteqrasiya və keyfiyyət təminatıdır. Bu o deməkdir ki, təhsil pillələrinin müddəti ilə bağlı hər bir dəyişiklik "neçə il oxumaq" sualından çox "bu müddətdə nə öyrənilir və necə ölçülür" sualı üzərində qurulmalıdır.
Hazırda Azərbaycanda bakalavr təhsili 4 il, magistratura 2 il, orta ümumtəhsil isə 11 illik sistemlə tənzimlənir. Bu modelin kökü 2005-ci ildən qoşulduğumuz Bologna prosesinin prinsiplərinə əsaslanır. Bologna prosesi 180–240 ECTS kredit aralığında bakalavr, 60–120 ECTS aralığında magistratura proqramlarını nəzərdə tutur. Bu model Avropa ölkələrinin əksəriyyətində tətbiq olunur və diplomların qarşılıqlı tanınmasını təmin edir. Statistik məlumatlara görə, Avropa ölkələrinin 68 faizində bakalavr təhsili 3 illikdir, yalnız bir qismi – o cümlədən Şərqi Avropa və postsovet məkanında olan dövlətlərdə 4 illik model saxlanılır. Böyük Britaniya, Almaniya, Fransa və Hollandiya kimi ölkələrdə 3 illik bakalavr, 2 illik magistratura sistemi "3+2" strukturu kimi tanınır".
Ekspert əlavə edib ki, Azərbaycan üçün 3 illik bakalavr modelinə keçid həm mümkün, həm də risklidir:
"Mümkündür, çünki beynəlxalq normativlər bunu qəbul edir. Risklidir, ona görə ki, hazırda universitetlərdə tədris məzmunu, laborator baza və professor-müəllim heyətinin metodik hazırlığı bu sıxlaşdırılmış sistemə hələ tam hazır deyil. Üstün cəhət ondan ibarət ola bilər ki, tələbə bir il tez əmək bazarına daxil olar, təhsil xərcləri 25 faizədək azalır, dövlətin büdcə yükü azalar və tələbə beynəlxalq mobillikdə (məsələn, Erasmus+ proqramlarında) daha rahat iştirak edə bilər.
Lakin mənfi tərəf ondan ibarətdir ki, 3 illik proqram zamanı elmi-tədqiqat bacarıqlarının inkişafı və praktiki fənlərin mənimsənilməsi üçün vaxt az olur, nəticədə məzun səviyyəsi ilə işəgötürənlərin tələbi arasında fərq dərinləşə bilər.
Əgər ali təhsil 3 illik modelə keçirilsə, dərs planlarında təkrar olunan kurslar çıxarılmalı, fənlərarası inteqrasiya təmin olunmalı, praktik komponent – staj, layihə, startap və tədqiqat – proqramın 25 faizinə qədər yüksəldilməlidir. Bu, məzmunun sıxlığını qoruyar, amma keyfiyyəti artırar. Magistratura mərhələsində isə fərqli istiqamətlərin tətbiqi – "professional" və "research" proqramları – həm beynəlxalq tanınma, həm də daxili ehtiyac baxımından düzgün addım olar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şi...
