Azərbaycanda tibbi sığortada yeni hibrid model hazırlanır
Azərbaycanda tibbi sığorta sistemində yeni mərhələ başlaya bilər. Mərkəzi Bank tibbi sığortanın icbari və könüllü seqmentini bir mexanizmdə birləşdirən yeni model hazırlayır.
Sözügedən qurumun Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusundakı tədbirdə bildirib ki, qurum hazırda icbari və könüllü tibbi sığortanın inteqrasiya olunduğu model üzərində işləyir:
"Bu model bir sıra ölkələrdə mövcuddur. Hazırda biz onun tətbiqi üzərində çalışırıq. Məqsədimiz digər ölkələrin uğurlu təcrübəsinə uyğun olaraq icbari tibbi sığortanın imkanlarından istifadə etməklə sığorta şirkətlərinin risklərini azaltmaq, tibbi sığortaya əlçatanlığı artırmaqdır. Eyni zamanda, tibbi sığorta haqqının daha əlçatan olması istiqamətində layihəmiz var".
Hazırda könüllü tibbi sığorta paketləri yalnız kommersiya əsasları ilə təqdim olunur və qiymətlər vətəndaşın büdcəsinə ciddi təsir edir. Yeni model isə bu xərc yükünün bir hissəsinin icbari sistemlə inteqrasiya olunaraq optimallaşdırılmasını nəzərdə tutur.
BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bəs görəsən, bu mexanizm necə işləyəcək? Bu addımın atılmasında məqsəd nədir? Faydası nə olacaq?
Ekspertlərin fikrincə, icbari və könüllü tibbi sığortanın bir mexanizmdə birləşdirilməsi həm bazarın liberallaşmasına, həm də tibbi xidmətlərdə rəqabətin artmasına səbəb ola bilər. Eyni zamanda, qiymətlərin stabilləşməsi, könüllü sığorta paketlərinin daha əlçatan olması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi gözlənilir. Bu modelin tətbiqi sığorta şirkətlərinin maliyyə yükünü azaltmaqla, bazarın dayanıqlığını da gücləndirə bilər.
Beynəlxalq təcrübə nə deyir?
Dünyanın bir sıra ölkələrində tibbi sığortanın icbari və könüllü seqmentlərinin birgə tətbiq olunduğu hibrid model uzun illərdir mövcuddur. Xüsusilə Sloveniya bu sahədə ən uğurlu nümunələrdən biri hesab olunur. Ölkədə icbari sığorta bazanı təmin edir, könüllü sığorta isə həmin bazanın əhatə etmədiyi xidmətlərin xərclərini qarşılayır və sistemdə risklər dövlət fondu ilə özəl sığorta şirkətləri arasında bölüşdürülür. Niderlandda da icbari sığorta bütün əhalini əhatə edir, könüllü paketlər isə əlavə xidmətləri təmin edir və onların maliyyələşməsi icbari fondla inteqrasiya olunmuş mexanizmlərlə tənzimlənir. Fransa isə könüllü tibbi sığorta haqlarının bahalaşmaması üçün müəyyən sosial qruplara dövlət dəstəyi təqdim edir. Bu təcrübələr göstərir ki, iki sistemin bir modeldə birləşdirilməsi həm xidmətə çıxışı genişləndirir, həm də vətəndaşın üzərindəki maliyyə yükünü azaldır.
Gələcəkdə faydalı ola bilər
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirir ki, hələlik bu iki sığorta seqmentini bir mexanizmdə birləşdirən model yoxdur: "Özəl sığorta şirkətləri tamamlayıcı sığortanı edə bilərlər. Məsələn, dövlət tibb müəssisələrində vətəndaş üçün hər hansı xidmət zərfinə daxil edilməyən tibbi xidmətin göstərilməsi tələb olunursa, onun üzərində özəl sığorta əlavə paket hazırlaya və xərcləri qarşılaya bilər".
"Ən yaxşısı icbari tibbi sığortanı normal vəziyyətə gətirməkdir"
Tibb elmləri doktoru, professor Adil Qeybulla vurğulayır ki, ilk növbədə icbari və könüllü tibbi sığortanın mahiyyətini dəqiq fərqləndirmək vacibdir. Onun sözlərinə görə, icbari tibbi sığorta əhalinin bütün təbəqələri üçün tibbi xidmətlərin əlçatanlığını təmin edən sosial müdafiə formasıdır və bu, çox vacib bir tibbi xidmət növüdür: "Könüllü sığorta isə dövlətin iştirakı olmadan, tərəflərin razılığı ilə bağlanan sığortadır. İnsanlar bunu bağlaya da, bağlamaya da bilərlər. Məsələn, avtomobildə kasko sığortası kimi. Bu sığorta vətəndaşın öz təşəbbüsü ilə həyati riskləri nəzərə alaraq konkret klinikada əldə etdiyi bir xidmət formasıdır ki, xəstəlik yarandıqda həmin klinikaya müraciət edə bilsin. Ən çox xroniki ağır xəstəliklər, ürək çatışmazlığı və ağciyər xəstəlikləri olan şəxslər tərəfindən istifadə olunur. Çünki bu xəstələr istənilən an tibbi xidmətə ehtiyac duya bilərlər. Buna baxmayaraq, bu xəstəliklərin müalicəsinin xərcləri, həmçinin icbari tibbi sığorta ilə qarşılanır. Sadəcə, imkanı olan şəxslər işlərini rahat qurmaq üçün könüllü sığortadan da yararlanırlar. Xarici təcrübədə tibbi xidmətlər bahalı olduğundan, könüllü sığortaya sərf olunan vəsait də az deyil".
A.Qeybulla düşünür ki, icbari və könüllü tibbi sığortanı birləşdirmək mexanizmi hələ aydın deyil və ən yaxşısı icbari sığortanı normal vəziyyətdə qurmaq, könüllü sığortanı isə fərdi şəkildə, istəyənlərin istifadə etməsi üçün saxlamaqdır.
Daha çox çeşiddə tibbi xidmət
Sığorta məsələləri üzrə ekspert Ramil Kərimov isə bildirir ki, könüllü və icbari sığortanın birləşdirilməsi təminat dairəsini genişləndirmək baxımından faydalı olar: "İcbari sığorta zərflərində bəzi xəstəliklər nəzərdə tutulmayıb və təminata daxil deyil. Həmin risklərdən könüllü qaydada sığortalanmaq vacibdir. Hazırda planlaşdırılan birləşmə ilə demək olar ki, bütün könüllü sığorta növləri təminat siyahısına daxil ediləcək. Bunun nəticəsində vətəndaşlara daha geniş əhatəli tibbi xidmətlər təqdim olunacaq. Eyni zamanda, bəzi klinikalar hələ də icbari sığorta ilə əməkdaşlıq etmir və daha çox könüllü sığorta paketləri ilə işləyirlər. Bu tibb müəssisələri iri şirkətlərlə əməkdaşlıq quraraq vətəndaşlara daha üstün və keyfiyyətli təminat paketləri təqdim edirlər. Birlikdə işlədikdə, bu model bütün sığorta növlərinə aid təminatları əhatə edə bilər. Hazırda könüllü sığorta üzrə şirkətlərin təminat dairəsi və sığorta qaydaları Mərkəzi Bank tərəfindən tənzimlənir və şirkətlər bu təminatı həyata keçirmək üçün icazə almalıdırlar".
Oxşar xəbərlər
AYNA: Azərbaycanda rəqəmsal taxoqraf kartlarının verilməsi daha iki il fasiləsiz davam edəcək
Bu il Azərbaycana avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iş və istirahət rejiminə riayət edilməsinin təmin olunması məqsədilə 1 921 ədəd rəqəmsal taxoq...