Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB

Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
Açıqlama
Sosial 56

Azərbaycanda aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.

BAKU.WS-in məlumatına görə, sosial mənzil proqramları çərçivəsində müəyyən kateqoriyalara aid şəxslərin mənzil təminatının yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.

Son illərdə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində müxtəlif kateqoriyalardan olan vətəndaşlara mənzillərin təqdim edilməsi məsələsi də gündəmdə olub. Bu proses cəmiyyət üçün mühüm sosial əhəmiyyət daşımaqla yanaşı, mənzilə ehtiyacı olan şəxslərin hansı meyarlar əsasında müəyyənləşdirilməsi məsələsini də aktuallaşdırır.

Maraqlıdır ki, mənzillər və avtomobillər kimlərə pulsuz verilir? Ümumiyyətlə pulsuz mənzil və avtomobillər neçə vətəndaşa təqdim olunub?

Sosial Xidmətlər Agentliyindən (SXA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib:

"Bu tədbirlərə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyalardan olan şəxslərin mənzil və avtomobillə təminatı istiqamətində iş aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzil və ya fərdi evlə təmin edilirlər.

Postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid şəxslərə 7 350-dən çox, ümumilikdə isə ötən dövr ərzində 16 mindən çox mənzil verilib.

Bununla yanaşı, xüsusi səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslər də Nazirlik tərəfindən minik avtomobili ilə təmin edilirlər. Bu kateqoriyaya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi, Çernobıl AES-də hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi, həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər daxildir.

Qeyd olunan şəxslərə postmüharibə dövründə 586, ümumilikdə isə ötən dövr ərzində 7 700-dən çox avtomobil verilib.

Müvafiq istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər