Azərbaycanda koronavirusa görə distant iş rejimi tətbiq oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria dövlət orqanları və özəl təşkilatlara koronavirusun yayılmasının qarşısının alınması üçün mümkün olduğu qədər uzaqdan iş şəraitinə keçməyi tövsiyə edib. O, hökumətin iclasında səsləndirdiyi fikirdə distant iş rejiminin hökumətin fəaliyyətinin effektivliyinə təsir etməməli olduğunun vacibliyini də vurğulayıb.
Azərbaycanda da koronavirusla bağlı narahatlıq davam edir. Maraqlıdır, ölkədə də önləyici tədbir kimi distant iş tətbiq oluna bilərmi? Bu üsul nə dərəcədə effektivdir?
Məsələ ilə bağlı Modern.az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırkı şəraitdə uzaqdan işi məqsədəuyğun hesab edərək bildirib ki, bunu təcrübəyə çevirmək olar:
"Elə iş yerləri var ki, orada distant iş alınmaz. Amma idarəetmə, elmi-tədqiqat işlərini (hansı ki bilavəsitə laboratoriyalarda keçirilmir) yaxud başqa işləri məsafədən etmək olar. Bir şəxs ofisdə kompüter arxasında oturub gördüyü işi evində də görə bilirsə, bu üsul mümkündür. Bu, fövqəladə vəziyyət dövrünün ortaya çıxardığı məsələdir. Amma praktikaya da çevrilə bilər”.
S.Məmmədov bu məsələyə qanunvericilikdə də diqqət ayrılmasının vacib olduğunu vurğulayıb:
"Əslində yeni qanunvericilikdə bu nəzərə alınmalıdır. İş yeri anlayışı tədricən dəyişir. Yəni, iş yeri konkret olaraq zavod, müəssisə, idarə, ofis olmaya da bilər. Amma baxır hara. Elə iş yerləri var ki, orada bilavasitə olmaq lazımdır. Yeri gəlmişkən, bizdə Gürcüstandan əvvəl SOCAR baş ofisini qismən bu cür iş rejiminə keçirib”.
Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ehtiyac olacağı təqdirdə distant iş rejiminə keçməkdə heç bir problemin olmadığını deyib:
"Artıq Azərbaycan Dövlət İqtisad Univerisitetində (UNEC) dərslərin distant yolla tədris olunmağı ilə bağlı qərar qəbul olunub. Hesab edirəm ki, bu gün "ASAN xidmət”, Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) kimi xidmətlər varsa, Azərbaycan çoxdan elektron hökumətə keçib. Belə xidmətlər olduğu halda heç bir problem yoxdur. Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı ölkədə hansısa təhlükə ola biləcəyi ilə bağlı qərarı olarsa, distant iş rejimi tətbiq oluna bilər. Bu qeyri-adi bir şey deyil”.
Oxşar xəbərlər
İlham Əliyevdən YENİ VACİB QƏRAR
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...