Azərbaycanda "İstilik qurğularının texniki istismar Qaydaları" təsdiqlənib

Azərbaycanda İstilik qurğularının texniki istismar Qaydaları təsdiqlənib
Sosial 8

Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının texniki istismar Qaydaları"nı təsdiqləyib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar "İstilik təchizatı haqqında" qanuna əsasən hazırlanıb və istilik təchizatı sahəsində istilik qurğularının texniki istismarı ilə bağlı tələbləri, eləcə də aşağıdakı istilik qurğularının texniki istismarı üzrə tələbləri müəyyənləşdirir:

- mütləq buxar təzyiqi 4 MPa-dan çox olmayan və su temperaturu 200°C-dən çox olmayan üzvi yanacaq, habelə elektrik enerjisindən və bərpa olunan enerji ehtiyatlarından istifadə etməklə istilik enerjisi istehsal edən istilik qurğuları;

- təyinatından asılı olmayaraq buxar və su istilik sistemləri, o cümlədən nasos stansiyaları, kondensat toplama və qaytarma sistemləri;

Qaydalar aşağıdakı istilik qurğularına şamil edilmir:

- Qanunun 1.1.1-ci maddəsində nəzərdə tutulan fərdi istilik sistemlərinə, istilik elektrik stansiyalarına;

- dəniz və çay gəmilərinə və üzən vasitələrində istifadə olunan qurğulara;

- dəmir yolu və avtomobil nəqliyyatı vasitələrində istifadə olunan qurğulara.

İstilik qurğularının elektrik avadanlığı Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 27 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının quraşdırılması Qaydaları"nın tələblərinə uyğun olmalı, 2024-cü il 12 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının texniki istismar Qaydaları"nın və 2024-cü il 29 may tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"nın tələblərinə uyğun istismar edilməlidir.

İstilik qurğularının isti hissələri, boruları, çənləri və toxunarkən yanıq yarada bilən digər isti elementləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 25 aprel tarixli qərarı ilə təsdiq edilmiş AzDTN 2.12-6 "Avadanlıqların və boru kəmərlərinin istilik izolyasiyası. Layihələndirmə normaları"na əsasən istilik izolyasiyası ilə təmin edilməlidir.

İstilik qurğuları və istilik təchizatı sistemlərinin boru kəmərlərinin təyinatından və mühitin parametrlərindən asılı olaraq rənglənməsi, şərti işarələrin, hərflərin ölçülərinin və üst yazılarının yerləşməsi ГОСТ 12.4.026-2015 standartına uyğun olmalıdır.

Fövqəladə Hallar Nazirliyi yanında Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilən istilik qurğularına xidmət Dövlət Sənayesində İşlərin Təhlükəsiz Görülməsində Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin 2001-ci il 27 iyul tarixli əmri ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydaları və şərtləri"nə uyğun olaraq həyata keçirilir.

İstilik qurğuları fəaliyyət göstərdiyi istilik təchizatı subyektlərində qeydiyyata alınır.

Qaydaların tələblərinə riayət olunmasına, habelə tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq istilik təchizatı subyektlərində yanacaq və enerji ehtiyatlarından səmərəli istifadəyə nəzarəti Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.

İstilik təchizatı subyektinin istilik qurğularının istismarını hazırlıq keçmiş heyət həyata keçirir. İstilik qurğularına malik olan şəxs, yaxud onların istismarçısı həmin qurğuların istismarı üzrə işlərin həcminə və mürəkkəbliyinə uyğun ixtisas dərəcəli heyətə malik olmalı və ya ixtisaslaşmış podratçı cəlb etməlidir.

İstilik təsərrüfatına cavabdeh şəxs bu Qaydalara uyğun olaraq, əməyin mühafizəsi üzrə bilik yoxlanışından keçdikdən sonra inzibati-texniki heyət sırasından istilik təchizatı subyektinin rəhbərinin sərəncamı ilə təyin edilir.

İstilik qurğularının istismarına görə istilik təchizatı subyektinin struktur bölmələrinin cavabdehlik sərhədləri istilik təchizatı subyekti rəhbərinin sərəncamı ilə müəyyənləşdirilir. İstilik təchizatı subyektinin rəhbəri struktur bölmələrin vəzifəli şəxslərinin cavabdehliyini istehsalat strukturu, nəqliyyat, istilik enerjisi və istilik daşıyıcısının paylanması və istehlakı kimi göstəricilərə əsasən, sözügedən cavabdehliyi həm də işçilərin vəzifə təlimatında nəzərə alaraq əmr və ya sərəncamla müəyyən edir.

İstilik enerjisi istehlakçısı ilə paylayıcı arasında və istilik təchizatı subyektləri arasında istilik qurğularının istismarına görə cavabdehliyin hüdudları balans mənsubiyyəti sərhədində və ya onlar arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

Qaydalarda istifadə olunan digər anlayışlar Qanunla və istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların tələbləri ilə müəyyən edilmiş mənaları ifadə edir.

Ölçmə prosesləri zamanı istifadə olunan ölçmə vasitələri "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun tələblərinə uyğun olmalıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər