Azərbaycanda işləyən qadınlar üçün ŞAD XƏBƏR - Maaşlarda...

Azərbaycanda işləyən qadınlar üçün ŞAD XƏBƏR - Maaşlarda...
Açıqlama
Sosial 128

Azərbaycanda qadınlar və kişilər arasında əmək haqqı fərqinin aradan qaldırılması məqsədilə Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Təklif olunan dəyişikliklərin əsas məqsədi eyni və ya bərabər dəyərə malik işləri yerinə yetirən şəxslər arasında cinsindən asılı olmayaraq bərabər əmək haqqının təmin edilməsidir. Bununla bağlı işəgötürənlərin öhdəlikləri daha da dəqiqləşdirilir və gücləndirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, yeni qaydalara əsasən, bəzi sektorlarda çalışan qadınların əmək haqlarının artırılması üçün hüquqi baza formalaşdırılacaq:

"Xüsusilə vurğulanır ki, eyni iş və ya bərabər dəyərli fərqli işlər üçün fərqli maaş tətbiqinə yol verilməməlidir.

Hazırda Azərbaycanda qadınların orta əmək haqqı kişilərin qazancının təxminən 70 faizini təşkil edir. Beynəlxalq təcrübədə isə bu göstəricinin 80 faiz və daha yuxarı olması daha məqbul hesab edilir. Mövcud fərqin əsas səbəblərindən biri bəzi sahələrdə, xüsusilə hasilat və ağır sənaye kimi sektorlarda kişilərin daha çox təmsil olunmasıdır.

Gözlənilir ki, yeni dəyişikliklər işəgötürənləri daha ədalətli maaş siyasəti tətbiq etməyə təşviq edəcək və nəticədə gender əsaslı əmək haqqı fərqi mərhələli şəkildə azalacaq. Bu, həm də ölkənin beynəlxalq əmək və gender bərabərliyi standartlarına uyğunlaşmasına töhfə verəcək.

Dəyişikliklər həmçinin əmək funksiyasının xarakterinin və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu kitabçalarında nəzərdə tutulan tarif-ixtisas xüsusiyyətlərinin nəzərə alınmasını təmin edəcək. Bu isə əmək haqqının müəyyənləşdirilməsi zamanı işin mürəkkəbliyi, məsuliyyət səviyyəsi və peşə ixtisası kimi meyarların daha obyektiv qiymətləndirilməsinə imkan yaradacaq.

Ümumilikdə, islahatların qəbul olunması qadınların əmək bazarında mövqeyinin güclənməsinə, gəlirlərinin artmasına və sosial ədalətin daha effektiv təmin olunmasına xidmət edəcək".

Orxan Hüseyn

Son xəbərlər