Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılır

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılır
Sosial 48

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasinin təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin ediləcək.

"İnformasiya əldə etmək haqqında" Qanunla müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla yuxarıda nəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma ve informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "Fərdi məlumatlar haqqında" və "Elektron imza və elektron sənəd haqqında" qanunların tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyinin yüksəldilməsi üçün enerji effektivliyi informasiya sisteminin əsasnaməsini müəyyən edəcək.

Bununla yanaşı, təşkilati-hüquqi və mülkiyyət olmayaraq formasından asılı məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerji effektivliyi informasiya sisteminə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Bildirilib ki, Enerji Effektivliyi İnformasiya Sisteminin beynəlxalq təcrübəyə uyğun olaraq enerji səmərəliliyinin təmin edilməsi sahəsində məqsəd və hədəflərə nail olunması məqsədilə müəyyən olunmuş vəzifələrin icrasına nəzarət, eləcə də həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrin hesabatlılığı, monitorinqi və qiymətləndirilməsi məqsədilə yaradılması nəzərdə tutulur.

Müvafiq elektron platformanın yaradılması enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin qarşısında duran vəzifələrin daha səmərəli həyata keçirilməsi, vətəndaşların müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq imkanının yaradılması, eyni zamanda zəruri məlumatların təqdim edilməsi və əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sistemin yaradılması bu sahədə informasiyanın şəffaflığının artırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə və enerji səmərəliliyi sahəsində qanunvericiliyin effektiv icrasına və ona nəzarət olunmasına xidmət edəcək.

İnformasiya sistemi enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorunun ixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək, sistemdə enerji auditorları və enerji auditi təşkilatlarının reyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakına nəzarət subyektləri hesabatlarını yerləşdirəcəklər.

İnformasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və sair yerləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər