Azərbaycanda ailə büdcəsinin böyük hissəsi hara gedir? - 42,9%

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, son 5 ildə ev təsərrüfatlarının gəlir və xərcləri hər il davamlı olaraq artıb. 2021-ci ilin birinci yarımili ilə müqayisədə ev təsərrüfatlarının gəlirləri cari ilədək 33,6% və ya 398,5 manat, xərcləri isə 25% və ya 311,5 manat artıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.
2025-ci ilin yanvar-iyun aylarında ölkədə ev təsərrüfatlarının (ailə və ya bir evdə yaşayanlar) orta aylıq gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% və ya 111,4 manat artaraq 1583,4 manata çatıb. Xərclər isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% və ya 72,7 manat artaraq 1557,4 manata çatıb. Bu da onu göstərir ki, 2021-ci ildən indiyədək ilk dəfədir ki, ev təsərrüfatlarının xərcləri gəlirlərindən az olub.

Cari ilin birinci yarısında ev təsərrüfatlarının aylıq xərclərinin əsas hissəsini qida məhsulları tutub. Statistikaya əsasən, bir ailə ay ərzində qida məhsullarına ortalama 668,7 manat həcmində pul xərcləyib və bu məbləğ ümumi xərclərin 42,9%-ni təşkil edib.
127,4 manat ilə ikinci sırada kommunal xərclər yer alıb. Ölkədə hər ev təsərrüfatı ay ərzində xərclərinin 8,2%-ni kommunal ödənişlərə ayırıb.
İlk üçlüyə restoran və ya otel xərcləri daxildir. Ev təsərrüfatları ay ərzində bu kateqoriya üzrə ödənişlərə ortalama olaraq 114,8 manat xərcləyib.
Rəsmi rəqəmlərə əsasən hər bir ev təsərrüfatının aylıq orta nəqliyyat xərcləri 106 manat, səhiyyə xərcləri 67 manat, təhsil xərcləri isə 26,4 manat təşkil edib.
Hər bir ev ay ərzində tütün və spirtli içkilərə ortalama olaraq 41,1 manat, geyim üçün isə 93,4 manat vəsait ayırıb.

Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq gəlir 377,9 manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% və ya 29,9 manat çox olub.
Son məlumatlara əsasən (2024) ölkədə yoxsulluq həddi 270 manat təşkil edib. 2025-ci ilin birinci yarısında adambaşına düşən orta aylıq gəlir isə bu məbləğdən 107,9 manat çox olub. Bu da o deməkdir ki, hər il ölkədə adambaşına düşən orta aylıq gəlir yoxsulluq həddindən çox olub.
Əlavə məlumat üçün bildirək ki, son 5 il ərzində ölkədə adambaşına düşən orta aylıq gəlir məbləği 31,4% və ya 90,3 manat artıb.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi məlumatlarına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi ən aşağıdır. 2024-cü ilə olan son məlumata görə, ölkəmizdə yoxsulluq səviyyəsi 5,3% təşkil edib. Gürcüstanda isə ötən il yoxsulluq səviyyəsi 9,4% olub.
Cənubi Qafqazda yoxsul əhalinin ən çox olduğu ölkə Ermənistan olub. 2023-cü ilə olan son rəsmi məlumatlar göstərir ki, Ermənistanda əhalinin 23,7%-i yoxsuldur.
Oxşar xəbərlər
Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yollardan keçməyin
Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar sentyabr 2-si saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. B...
