Azərbaycan yollarında sürücülərin kələk gələ bilmədiyi "ağıllı radarlar" var?

Magistral və şəhərlərarası yollarda sürət həddinin aşılması ilə bağlı yol qəzalarının qarşısını almaq məqsədilə bir çox ölkələrdə sürücülərin hərəkətini yalnız bir nöqtədə deyil, bütöv bir yol boyunca nəzarətdə saxlayan yeni texnologiyalardan istifadə olunur.
BAKU.WS-in məlumatına görə, bu sistemlər arasında iki nöqtə arasında orta sürəti ölçən radarlar xüsusilə diqqət çəkir.
Bu texnologiya yolun başlanğıc və son nöqtələrində yerləşdirilən radarlar vasitəsilə avtomobillərin keçid vaxtını qeydə alır. Bu iki nöqtə arasında keçilən məsafəyə və zaman fərqinə əsasən orta sürət hesablanır. Əgər sürücü müəyyən olunmuş sürət həddini keçirsə, sistem bunu dəqiqliklə müəyyən edir və müvafiq tədbirlər görülür. Beləliklə, yalnız bir nöqtədə yox, yolun bütün hissəsində sürətə nəzarət təmin olunur.
Ənənəvi radarlar sürücülərin yalnız yerləşdirildiyi ərazidə sürətə əməl etməsinə səbəb ola bilir. Lakin orta sürət ölçən sistemlər sürücünü bütün yol boyunca qaydalara riayət etməyə sövq edir.
Nəticədə:
Qəza riski əhəmiyyətli dərəcədə azalır;
Sürücülər arasında məsuliyyət hissi artır;
Yol infrastrukturu daha təhlükəsiz və sabit istifadə olunur.
İtaliya, Böyük Britaniya, Niderland, Avstriya və digər ölkələrdə bu sistemlər geniş şəkildə tətbiq olunur. "Tutor", "Average Speed Camera" və "Trajectcontrole" kimi adlarla tanınan bu texnologiyalar yol nəzarətində yeni mərhələ hesab olunur.
Bu cür radar sistemləri yalnız cərimə məqsədilə deyil, ilk növbədə sürücünün və sərnişinin həyatını qorumaq üçün nəzərdə tutulub. Onların əsas məqsədi yollarda davamlı nəzarəti təmin etməklə, qəza riskini minimuma endirmək, sürət həddinə əməl edən bir nəqliyyat mədəniyyəti formalaşdırmaqdır. Bu baxımdan, istər yolun müəyyən bir nöqtəsində, istərsə də bütöv bir hissəsində sürətə nəzarət edən radarların mövcudluğu həm texnoloji tərəqqinin, həm də ictimai təhlükəsizliyin ayrılmaz hissəsidir.
Azərbaycanda zaman-zaman yerli mətbuatda da bu cür radar sistemlərinin tətbiqi ilə bağlı müzakirələrə və xəbərlərə rast gəlinir. Ekspertlər, jurnalistlər və ictimai fəallar tərəfindən yayımlanan materiallarda bu texnologiyanın ölkəmizdə artıq tətbi edildiyi, onun mümkün faydaları diqqətə çatdırılıb, sürücülük mədəniyyətinin yüksəldilməsi baxımından belə sistemlərin vacibliyi vurğulanıb. Bu isə onu göstərir ki, cəmiyyət bu məsələyə həssas yanaşır və yol təhlükəsizliyinin artırılması istiqamətində qabaqcıl təcrübələrin tətbiqinə açıqdır.
Əgər sürücü müəyyən olunmuş sürət həddini aşırsa, bu hallarda aşağıdakı cərimələr tətbiq olunur:
10-20 km/saat arası sürət aşımı – 10 manat cərimə
Yəni əgər yolun icazə verilən sürəti 90 km/saatdırsa və siz 100-110 km/saatla gedirsinizsə, 10 manat ödəməli olacaqsınız.
21-40 km/saat arası sürət aşımı – 50 manat cərimə
Məsələn, 90 yerinə 111-130 km/saatla sürsəniz, bu məbləğdə cərimələnəcəksiniz.
41-60 km/saat arası sürət aşımı – 200 manat cərimə
Əgər yolun sürət limiti 90 km/saatdır, siz isə 131-150 km/saatla gedirsinizsə, bu halda 200 manat cərimə edilirsiniz.
61 km/saat və daha artıq sürət aşımı – 300 manat cərimə
Yəni sürət həddi 90 km/saat olan yolda 151 km/saat və ya daha çoxla hərəkət etsəniz, bu ən yüksək cərimə sayılır.
Orxan Hüseyn

Oxşar xəbərlər
Ramiz Mehdiyevin villası milyonlarla dollara satışa çıxarıldı - Dəbdəbəli malikanədən GÖRÜNTÜLƏR
Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb. BAKU.WS "AzPolitika"ya istinadən xəbər verir ki, villa Prezident Administr...