Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
NK beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nizamnaməyə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
Agentliyin ilkin nizamnamə fondu 100 000 min manat olacaq.
Qeyd olunub ki, Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülcək. Agentliyin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə aid deyil.
Agentliyin fəaliyyət istiqaməti müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə təhlil və proqnozlaşdırma işlərini təşkil etmək; Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini həyata keçirmək; müvafiq sahədə fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirməkdən ibarətdir.
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirəcəklər.
Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparacaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edəcək.
Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edəcək. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edəcək. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edəcək.
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək; Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini, həmçinin onların müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini təmin etmək; müvafiq sahədə elektron məlumat bazası yaratmaq; minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış əraziləri nişanlamaq, həmin ərazilərin, eləcə də minalardan və hərbi sursatdan təmizlənmiş ərazilərin xəritələrini tərtib etmək və elektron məlumat bazasına daxil etmək; müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, proqnozlaşdırmanı həyata keçirmək; minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalması ehtimal edilən ərazilərdə axtarış işlərini təşkil etmək; əhalinin minalardan və partlamamış hərbi sursatdan zərərçəkmə riskinin minimuma endirilməsi məqsədilə tədbirlər görmək; aidiyyəti dövlət orqanlarının və qurumlarının müraciəti əsasında Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş minaların və hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdiriməsini təmin etməkdir.
Agentliyin vəzifələri sırasında eyni zamanda Azərbaycan Respublikası ərazisində keçmiş sovet ordusunun yerləşdiyi hərbi hissə, obyekt və poliqon ərazilərinin, həmçinin onların ətrafının minalardan və hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini təşkil etmək; hərbi obyektlərdə baş vermiş partlayış fəsadlarının aradan qaldırılmasında iştirak etmək, onların yerləşdiyi ərazilərin partlamış hərbi sursatın qalıqlarından təmizlənməsini, partlamamış hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə təmin etmək; minatəmizləmə fəaliyyətinin monitorinqini aparmaq, bu fəaliyyətin beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun və təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək; minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə aidiyyəti dövlət orqanlarına və qurumlarına təhvil vermək; Azərbaycan Respublikasının ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətinə müqavilə əsasında fiziki və hüquqi şəxsləri cəlb etmək, qanunla nəzərdə tutulduğu halda onları akkreditasiyadan keçirmək; Agentlik, habelə aidiyyəti dövlət orqanları və qurumları minatəmizləmə fəaliyyətinə bu Nizamnamənin 3.1.15-ci yarımbəndində nəzərdə tutulmuş şəxsləri cəlb etdiyi halda minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri həmin şəxslərdən minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə təhvil almaq; zərər çəkmiş əməkdaşlarının reabilitasiyası və reinteqrasiyası ilə bağlı müvafiq tədbirlər görmək; müvafiq sahədə əhalinin maarifləndirilməsi üçün tədbirlər görmək; minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək; fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Agentliyə ayrılan dövlət büdcəsi vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək, bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək də yer alıb.
Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin hüquqları müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək; müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək; beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək; fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq; müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək; beynəlxalq və yerli əməkdaşlıq çərçivəsində müqavilə əsasında ödənişli və ya ödənişsiz təlimlər keçirmək; Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək; əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə onların beynəlxalq təlimlərdə, təlim-məşq toplanışlarında və digər tədbirlərdə iştirakını təşkil etmək; əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək; xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirməkdir.
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi yaradılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, fərmana ə...