AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev "CarbonClick" şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb.
BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
S.Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin "CarbonClick" ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.
D.Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq, iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə, bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.
Oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.
AZAL və "CarbonClick"in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.
Oxşar xəbərlər
Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
Müştəri marketlərin birindən 2 növ kərə yağı alıb. İddia edir ki, yağları əritdikdən sonra tündrəngli bir maye alınıb. Alıcı videoda bildirib ki, bu, kərə yağın...