Azad Mirzəcanzadə inkişaf proqramının qalibi: "SnackPack" – bu yalnız qida deyil, bir məsuliyyət fəlsəfəsidir

Azad Mirzəcanzadə inkişaf proqramının qalibi: SnackPack – bu yalnız qida deyil, bir məsuliyyət fəlsəfəsidir
Müsahi̇bə
Sosial 169

Azərbaycanın istedadlı, fəal və sosialyönümlü vətəndaşlarını üzə çıxarmağa yönəlmiş Azad Mirzəcanzadə inkişaf proqramı 2023-cü ildə fəaliyyətə başlayıb. Bu inkişaf proqramında iştirakçıların tənqidi və yaradıcı düşüncə bacarıqları, liderlik keyfiyyətləri, eləcə də dəyişkən və çoxşaxəli mühitdə işləmək qabiliyyəti xüsusi önəm daşıyır. İştirakçılar elmdən və texnologiyadan tutmuş mədəniyyət, ekoloji təşəbbüslər və sosial ədalətə qədər istənilən sahədə ideyalarını təqdim edə bilərlər. Burada həm sosialyönümlü, həm də biznes əsaslı layihələr qəbul olunur və dəyərləndirilir.

BAKU.WS xəbər verir ki, Azad Mirzəcanzadə inkişaf proqramının qalibi Ataxan Əhmədov ilə müsahibəsində onun qalib gəlməsinə səbəb olan layihəsi haqqında danışıb:

- Özünüz haqqında bir az danışın. Haradan başladınız və "SnackPack" ideyası necə yarandı?

- Bu bir komanda hekayəsidir. Həmfikirlərim və həmtəsisçilərim – Ramil Tağıyev, Cavidan Bayramlı və Emil Tağıyev ilə birlikdə lap əvvəldən məqsədimiz faydalı və şüurlu bir şey yaratmaq idi. Ali təhsilimi İnformasiya Texnologiyaları (İT) sahəsində alsam da, hər zaman sosial və ekoloji məsələlər – davamlı inkişaf, urbanistika, ərzaq israfı kimi mövzulara marağım olub. Gördük ki, bir çox ictimai iaşə müəssisələrində günün sonunda xeyli yemək tullantıya çevrilir. Bu problemi fürsətə çevirmək və həm bizneslərə, həm də istifadəçilərə fayda verəcək bir platforma yaratmaq qərarına gəldik.

- Layihənizin unikal tərəfi nədədir?

- SnackPack – kafe, çörək sexi, restoranları və istehlakçıları bir araya gətirən mobil tətbiqdir. Bu tətbiq vasitəsilə kafe, restoran, çörək sexi kimi müəssisələr günün sonunda artıq qalan yeməkləri paket şəklində paylaşır, istifadəçilər isə bu paketləri daha aşağı qiymətə ala bilirlər. Həm ərzaq tullantısını azaldır, həm də keyfiyyətli qidalanmanı daha əlçatan edir.

- Niyə Azad Mirzəcanzadə İnkişaf Proqramına müraciət etməyə qərar verdiniz?

- Proqramın fəlsəfəsi bizi dərhal cəlb etdi. Digər müsabiqələrdən fərqli olaraq, bu proqram təkcə məhsula deyil, onun arxasında duran insana da diqqət yetirir. Burada düşüncə tərzi, dəyərlər və tənqidi yanaşma əsas yer tutur. Biz başa düşdük ki, ideyamız və yanaşmamız Azad Mirzəcanzadə adının daşıdığı məna ilə üst-üstə düşür. Biz də bu mühitin bir parçası olmaq istəyirdik.

- Sizcə, niyə məhz sizin layihəniz qaliblər arasında yer aldı?

- Düşünürəm ki, burada bir neçə amil rol oynadı. Bunlara misal olaraq sosial əhəmiyyət, ekoloji aspekt və layihənin artıq MVP-sinin (minimum funksional məhsul) və ilkin nəticələrinin olmasını deyə bilərik. SnackPack sadəcə təkcə ideya deyil, artıq işləyən bir mexanizmdir. Bundan əlavə, biz göstərdik ki, genişlənmə baxımından aydın bir baxışımız və böyüməyə hazır bir komandamız var.

- Proqram inkişaf baxımından komandanıza və layihənizə nə verdi?

- İlk olaraq mentor dəstəyi verdiyini deyə bilərəm. Bizimlə çalışan mütəxəssislər biznes modelimizin zəif tərəflərini təhlil etməyə, maliyyə məntiqini gücləndirməyə və böyümə strategiyasını qurmağa kömək etdilər. İkincisi isə təlimlər. Onlar standart və şablon deyildi. Proqram tədrisi iştirakçıların ehtiyaclarına uyğunlaşdırırdı və biz həqiqətən dərhal tətbiq edə biləcəyimiz biliklər əldə edirdik. Və təbii ki, şəbəkələşmə. Digər iştirakçılarla tanış olduq və artıq birgə təşəbbüsləri müzakirə etməyə başlamışıq.

- Bəs şəxsi inkişaf baxımından necə?

- Proqram düşüncə tərzimi dəyişdi, daha sakit və özümə inamlı oldum. Həm sərt, həm də konstruktiv bir seçim mərhələsindən keçəndə səni tanıyırlar, dəstək alırlar. Artıq qorxu ilə yox, inamla hərəkət etməyə başlayırsan.

- SnackPack layihəsini inkişaf etdirərkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız?

- Əsas çətinliklər davranışla bağlı idi. Gənc komanda olduğumuz üçün əvvəlcə ictimai iaşə obyektlərini bizimlə tərəfdaşlığa inandırmaq asan deyildi. Amma ilk nəticələr və tərəfdaşlar əldə etdikdən sonra proses xeyli asanlaşdı, bizə olan etimad artdı. Bu mərhələdə proqramın dəstəyi çox önəmli oldu. Bizə dəyəri düzgün çatdırmağı, biznes və ictimaiyyətlə effektiv dialoq qurmağı öyrətdilər.

- SnackPack üçün növbəti addımlar hansılardır?

- Layihəmizi genişləndirmək istəyirik. Hazırda əsasən Bakını əhatə edirik, amma digər şəhərlərdən də maraq və sorğular var. Paralel olaraq tətbiqə yeni funksiyaların əlavə olunması üzərində çalışırıq. Məsələn, bonus sistemi və ekoplatformalarla inteqrasiya. Eyni zamanda beynəlxalq bazara çıxış imkanlarını da araşdırmağa başlamışıq.

- Azad Mirzəcanzadənin irsində sizə xüsusilə yaxın olan məqamlar hansılardır?

- Onun biliyə yanaşması bizə çox doğmadır. Həm fundamental idi, həm də praktik tətbiqə yönəlmişdi. O, elmi dəqiqliyi ictimai məsuliyyətlə birləşdirə bilən bir şəxsiyyət idi. Bu da bizim layihə olaraq can atdığımız əsas dəyərlərdir: sadəcə nəyisə etmək yox, onu əsaslandırılmış, etik və cəmiyyət üçün faydalı şəkildə həyata keçirmək.

- Növbəti mərhələyə müraciət etməyi düşünənlərə nə demək istərdiniz?

- Hətta qalib gəlməsəniz belə bu layihəyə müraciət etsinlər. Müraciət prosesi ideyanızı sistemləşdirmək və özünüzü sınamaq üçün bir fürsətdir. Əgər proqramdan keçsəniz, startap dünyasında nadir rast gəlinən bir mühitlə qarşılaşacaqsınız. Burada sizinlə sadəcə hesabatlar üzərində deyil, ideyanın mahiyyəti üzərində çalışırlar. Bu, təkcə layihəni həyata keçirmək imkanı deyil, həm də şəxsiyyət kimi inkişaf etmək şansıdır.

Azad Mirzəcanzadə inkişaf proqramı haqqında.

- Əgər siz də proqramın dəyərlərini bölüşürsünüzsə, ideyalarınızın gücünə inanırsınızsa və 18–35 yaş aralığındasınızsa, o zaman bu fürsəti qaçırmayın!

Linkə keçid edərək müraciətinizi göndərə bilərsiniz.

(https://docs.google.com/forms/d/1W6ibOzJxv26QmFih_l-urU2OvrD0kNg71kd1kkuRwxY/viewform?edit_requested=true)

Son müraciət tarixi: 21 aprel 2025

Son xəbərlər