Alina Xələfova: Şagirdlərin hazırladığı startaplar artıq satışa çıxarılıb
Şagirdlərin hazırladığı startap layihələri artıq bazara çıxarılıb və ilk gəlirlərini əldə etməyə başlayıb.
BAKU.WS xəbər verir ki, bunu "Miniboss Business School"un rəhbəri Alina Xələfova 6–17 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Milli Çempionatda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Milli Çempionat yalnız yarış xarakteri daşımır, eyni zamanda tədris ilinin yekun hesabatıdır.
"Bu gün şagirdlərimiz il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirirlər. Qısa müddətdə ideyanı layihəyə çevirmək, məhsul istehsal etmək, onu satışa çıxarmaq və gəlir əldə etmək asan proses deyil. Buna baxmayaraq, iştirakçılarımız bu mərhələləri uğurla başa vurublar", – deyə o bildirib.
A.Xələfova qeyd edib ki, startapların əksəriyyəti son bir ay ərzində "Dəniz Mall" ticarət mərkəzində satışa təqdim olunub və satış prosesi iyunun 25-dək davam edəcək.
O bildirib ki, builki Milli Çempionatda 20 komanda iki kateqoriya üzrə mübarizə aparır. Bunlardan 11 komanda startap istiqamətində öz layihələrini təqdim edir. Münsiflər heyəti iştirakçıları gəlirlilik, innovativlik, sosial şəbəkələrdə təqdimat səviyyəsi və verilən suallara cavab bacarığı kimi meyarlar üzrə qiymətləndirəcək.
Ən yüksək nəticə göstərən komandalar ilk üç yerə layiq görüləcək. Bundan əlavə, "Ən yaxşı təqdimat", "Ən kreativ ideya", "Ən innovativ ideya", "Ən yaxşı məhsul dizaynı", "Ən yaxşı səhnə performansı" və "Ən uğurlu brend adı" nominasiyaları üzrə də qaliblər müəyyənləşdiriləcək.
A.Xələfova vurğulayıb ki, onun üçün yarışda iştirak edən bütün şagirdlər qalibdir:
"Əsas məqsəd mükafat qazanmaq deyil. Ən böyük uğur uşaqların bu müddətdə əldə etdikləri bilik, təcrübə və şəxsi inkişafdır. Məhz bunlar onların gələcək nailiyyətlərinin əsasını təşkil edəcək."
Oxşar xəbərlər
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə iyunun 13-də "So...