Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi

Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi
AÇIQLAMA
Sosial 28

Azərbaycanda 2027-ci il yanvarın 1-dən ailə təsərrüfatlarının daha geniş uçotunun aparılması nəzərdə tutulur.

Yeni qaydalarla bağlı cəmiyyətdə yaranan narahatlıqlara münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc BAKU.WS-ə bildirib ki, bu prosesin məqsədi vətəndaşlara əlavə vergi və ya ödəniş tətbiq etmək deyil.

Onun sözlərinə görə, əsas hədəf ölkənin sosial-iqtisadi vəziyyəti barədə daha dəqiq məlumatlar toplamaq və dövlət siyasətinin planlaşdırılmasını təkmilləşdirməkdir:

Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi

"Ailə təsərrüfatlarının uçotu həm sovet dövründə, həm də müstəqillik illərində aparılıb. Bu məlumatlar əhalinin demoqrafik vəziyyətinin, regionların inkişaf səviyyəsinin, gəlirlərin və sosial-iqtisadi göstəricilərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı il oktyabrın 13-də Dövlət Statistika Komitəsi tərəfindən uçot tədbirləri ilə bağlı yeni dəyişikliklər açıqlanıb. Yenilənmiş qaydalara əsasən, ailə təsərrüfatları üzrə uçot daha əhatəli aparılacaq. Buraya ailə üzvlərinin fərdi identifikasiya nömrələri və doğum tarixləri, yaşayış evlərinin sahəsi, otaqların sayı və mərtəbəliliyi, həmçinin təsərrüfatlarda mövcud olan heyvanlar, quşlar, avtomobillər, texnika və digər avadanlıqlar barədə məlumatlar daxildir".

Deputatın fikrincə, yeni uçot tədbirlərinin vergilərin artırılması və ya əmlakın müsadirəsi ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. O bildirib ki, bu məlumatların toplanması vətəndaşların əmlakına qarşı hər hansı gizli nəzarət mexanizminin yaradılması məqsədi daşımır. Əksinə, dövlətin regionlar və əhali qrupları üzrə real ehtiyacları müəyyənləşdirməsinə xidmət edir.

Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi

Zahid Oruc hesab edir ki, bu məlumatlar əsasında kənd yerlərində yaşayan əhalinin sosial müdafiəsi, təsərrüfatların genişləndirilməsi, kredit imkanlarının artırılması və regionların iqtisadi inkişafı ilə bağlı daha məqsədyönlü qərarlar qəbul edilə bilər:

"Yaşayış minimumu və istehlak səbəti kimi mühüm sosial göstəricilərin müəyyənləşdirilməsində də statistik məlumatlar xüsusi rol oynayır. Dövlət Statistika Komitəsi yeni uçot tədbirlərinin məqsədini vaxtında və daha geniş şəkildə izah etməli idi. Çünki ilkin məlumatlandırmanın yetərli olmaması cəmiyyətdə yanlış təsəvvürlərin və əsassız narahatlıqların yaranmasına səbəb olub".

O, kənd və sərhədyanı ərazilərin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini də vurğulayıb. Zahid Oruc bu bölgələrdə kommunal tariflərin azaldılması, enerji limitlərinin yenidən nəzərdən keçirilməsi, emal müəssisələri üçün vergi güzəştlərinin tətbiqi, müəllim və həkimlərin əməkhaqlarının artırılması kimi təşəbbüslərin əhəmiyyətini qeyd edib:

"Ailə təsərrüfatlarının uçotu nəticəsində əldə edilən məlumatlar kənd yerlərində yaşayan insanların ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və həmin ərazilərdə həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Əsas məqsəd kənd əhalisinin təsərrüfat imkanlarını genişləndirmək, regionlarda iqtisadi fəallığı artırmaq və insanların öz yaşadıqları ərazilərdə qalmasını daha cəlbedici etməkdir".

Orxan Hüseyn

Son xəbərlər