"Nazirlər Kabinetinin Bakıda iş vaxtının dəyişdirilməsi ilə bağlı tövsiyyəsinə riayət edən müəssisələrdə yoxlamalar aparılacaq. İşçilərin sosial müdafiəsi məqsədilə özəl və bank sektorundakı müəssisələr cərimələnəcək".
 
Bunu BAKU.WS-ə açıqlamasında Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elman Babayev söyləyib. Onun sözlərinə görə, qanunvericilikdə gündəlik normal iş vaxtı müddətinin 8 saatdan çox olmamalıdır. Ancaq özəl və bank sektorunda yeni iş qrafikinə keçid bu halın pozulmasına gətirib çıxara bilər: 
 
"Məhz bu halın qarşısını almaq üçün ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) araşdırmalara başlayacaq. Monitorinqlərin nəticələrinə əsasən, işçiləri normadan artıq işlətmək, işçinin nahar fasiləsinin ləğvi halları aşkarlandıqda DƏMX həmin işəgötürənləri cərimələyəcək", - E.Babayev bildirib. 
 
Nazirlik rəsmisi tövsiyə xarakterli tədbirin əmək müqavilələrində iş vaxtının başlanması ilə bağlı əmək şəraiti şərtlərinin dəyişdirilməsinin həmkarlar ittifaqı təşkilatı ilə, müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda əmək kollektivi ilə danışıqlar aparmaqla işçilərin əmək müqavilələrinə xitam verilməsi hallarına maksimum səviyyədə yol vermədən həyata keçirilməsinin zəruri olduğunu bildirir. 

Xatırladaq ki, bir müddət öncə ƏƏSMN Bakı şəhərində iş vaxtının dəyişdirilməsi üçün özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bankların rəhbərlərinə müraciət edib. Həmin müraciətdə bildirilib ki, 2015-ci ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunur. 
 
ŞAHİN Həbibov
BAKU.WS