Məlumat verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

BAKU.WS xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri və struktur bölmələri tərəfindən aidiyyətli qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun vətəndaşların istirahəti üçün lazımi şərait yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyətli qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar.

Reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanıb, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin “Şıx” çimərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıların həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb, onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır.

Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcəkdir.

Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.

BAKU.WS
QALEREYA