90 dəqiqəlik pulsuz keçid, yeni bilet paketləri - Sərnişinləri gözləyən YENİLİKLƏR
"Brutto müqavilə modeli ilk dəfə 1985-ci ildə Londonda tətbiq olunmağa başlayıb və bu gün bir sıra şəhərlərdə ictimai nəqliyyatın maliyyə dayanıqlığının təmin edilməsində istifadə olunur. Artıq Bakı Azərbaycanda bu modelə keçən ilk şəhər kimi yeni mərhələyə qədəm qoyub. Gözlənti ondan ibarətdir ki, gələcəkdə digər şəhərlərdə də bu təcrübədən istifadə olunsun".
BAKU.WS-in məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, brutto müqavilənin əsas üstünlüklərindən biri daşıyıcıların maliyyə dayanıqlığının təmin edilməsidir:
"İctimai nəqliyyatda gediş haqqı bütün xərcləri qarşılaya bilmir. Buna görə də sistemin davamlı fəaliyyəti üçün əlavə maliyyələşdirmə mexanizmlərinə ehtiyac var. Brutto müqavilə də bu mexanizmlərdən biridir.
Bu model dövlət qarşısında daşıyıcıların məsuliyyətini artıracaq. Maliyyə sabitliyi təmin olunduğu halda, xidmət keyfiyyətinə, hərəkət qrafikinə və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət daha da sərtləşə bilər.
Sərnişinlər üçün isə günlük, həftəlik, aylıq və illik bilet paketlərinin tətbiqi mühüm üstünlük yarada bilər. Xüsusilə ictimai nəqliyyatdan hər gün istifadə edənlər üçün uzunmüddətli paketlər daha sərfəli olacaq".
Ekspert əlavə edib ki, digər mühüm məsələ 90 dəqiqə ərzində ödənişsiz keçid imkanının yaradılmasıdır:
"Uzaq ərazilərdən, məsələn, Sumqayıt, Ələt və digər istiqamətlərdən Bakıya gələn sərnişinlər gün ərzində bir neçə nəqliyyat növündən istifadə etməli olurlar. Eyni bilet çərçivəsində 90 dəqiqə ərzində bir neçə nəqliyyat vasitəsindən istifadə imkanının yaradılması onların gündəlik nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə optimallaşdıra bilər. Şəhər daxilində bir neçə nəqliyyat növünü dəyişən sərnişinlər də bu imkandan yararlana biləcəklər.
İctimai nəqliyyatın rəqəmsallaşdırılması da vacib istiqamətlərdəndir. Ekspress avtobuslarda bütün qapılarda validatorların quraşdırılması sərnişinlərin girişini sürətləndirə və sürücünün üzərindəki əlavə yükü azalda bilər. Sürücünün əsas vəzifəsi sərnişini təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. Ödənişlərə nəzarət isə ayrıca nəzarətçilər vasitəsilə həyata keçirilə bilər.
Hazırda Bakının ictimai nəqliyyatında transformasiya prosesi gedir. Yeni ekspress xətlərin yaradılması və marşrut şəbəkəsinin yenilənməsi də bunun bir hissəsidir. Keçid dövründə müəyyən sıxlıq və gecikmələrin yaranması mümkündür. Sərnişinlərdən xüsusilə sürücülərlə münasibətdə səbirli və təmkinli olmalarını xahiş edərdim. Çünki yaranan problemlər hər zaman sürücüdən asılı olmur. Sürücülər ağır və stresli şəraitdə çalışırlar və onların əsas vəzifəsi sərnişinləri təhlükəsiz şəkildə təyinat yerinə çatdırmaqdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13...