SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna start verir. Videomüsahibə turu 10 aprel - 1 may tarixlərində keçiriləcək. Əyani mərhələyə buraxılan 976 namizəd bu turda iştirak hüququ qazanıb.

BAKU.WS xəbər verir ki, videomüsahibə mərhələsində namizədlər təklif olunan beş sualdan üçünü seçərək cavablandıracaqlar. Videomüsahibə Azərbaycan dilində olmalıdır. Videonun ölçüsü 250 MB-dan çox (daha az ola bilər), müddəti isə üç dəqiqədən artıq (daha az ola bilər) olmamalıdır.

Qeyd edək ki, təyin olunan müddətdə iştirakçı tərəfindən video yüklənilməzsə, iştirakçının əvəzinə başqası çəkilərsə, təqdim olunan sualların əvəzinə aidiyyəti olmayan başqa məlumat verilərsə, kənar videolar (şəxsi videolar, reklamlar və s.) yüklənərsə, videonun müddəti və həcmi tələblərə cavab verməzsə, namizədlər növbəti mərhələyə keçə bilməyəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi yaşı 21-51 aralığında olan, iki illik idarəçilik təcrübəsinə malik, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Onlayn mərhələni başa vuran iştirakçıların nəticələri T-şkalası əsasında hesablanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

BAKU.WS