SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda koronavirus əleyhinə qabaqlayıcı tədbir olaraq məscidlərdə dezinfeksiya işlərinə başlanılıb.

Bu barədə BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, məscidlərdə dezinfeksiya işləri mütəmadi şəkildə həyata keçiriləcək: "Azərbaycanda fəaliyyətdə olan bütün məscidlərdə mərhələli şəkildə dezinfeksiya işlərinin aparılmasına start verilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi var.

Bütün icma rəhbərlərinə göstəriş verilib ki, məscidlərdə dezinfeksiya işlərinin aparılması üçün şərait yaratsınlar. Paytaxt və bölgələrdəki bütün kiçik və böyük məscidlərdə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Bu, mütəmadi şəkildə həyata keçiriləcək".

Qeyd edək ki, dünən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) koronavirusla bağlı iclas keçirilib. Tədbirdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlarımıza tövsiyə edir.

O, imkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmalarını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görüb.

Orxan Hüseyn
BAKU.WS
QALEREYA