SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanı təşvişə salan koronavirusun düşünüldüyü qədər təhlükəli olmadığı bəlli olub. Sağlam və immuniteti möhkəm olanlar bu virusa yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər. Xəstəliyin erkən mərhələsində müalicəyə başlanılarsa, xəstə və yaşlı insanları belə öldürmür. 

BAKU.WS xəbər verir ki, son 24 saat ərzində dünya üzrə koronavirusa yoluxanlardan 2587 nəfər sağalmağı bacarıb. Ümumilikdə COVID-19 virusundan sağalanların sayı 53 min 277 nəfər təşkil edir. Dünya mediasında koronavirusdan sağalanların açıqlamaları bunu bir daha təsdiqləyir. 

Ümumdünya Səhiyyə Təşkilatının bu virusa yoluxan 56 min insan arasında apardığı sorğu nəticəsində aydın olub ki, hər beş nəfərdən dördündə simptomlar mülayim olub. Daha dəqiq desək, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib. 

Mütəxəssislər COVID-19 ilə bağlı 70 mindən çox yoluxma faktını araşdırıblar. Bu məlumatlara görə, on yaşa qədər uşaqların və on yaşdan 19 yaşa qədər yeniyetmələrin yalnız 1 faizi koronavirusa yoluxub.

Nijni Novqorod Dövlət Universitetinin Biologiya və Biotibbi İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə, uşaqlar və yeniyetmələr, həqiqətən, yeni koronavirusdan daha yaxşı qorunurlar. O, yaşlı insanların risk altında olduğunu vurğulayıb.

“İnsanın immun sistemi yaş ötdükcə zəifləyir və infeksiyalara daha həssas olur. Xroniki xəstəliklərin olması çox vaxt fəsadlar yaradır” -, deyə Vedunova bildirib.

Baş infeksionist C.İsayev də koronavirus infeksiyasının elə də təhlükəli olmadığını deyir:

"Bu, hər hansı bir xroniki xəstəlik və ya immun sistemində çatışmazlıq olan insanlarda təhlükəli ola bilər. Belə olduğu halda isə təkcə koronavirus deyil, bizim bildiyimiz qrip də olsa, həmin şəxsin sağlamlığında təhlükə yarada biləcək. Bir məsələni də qeyd edim ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Çünki ABŞ-da ötən il adi qripdən ölənlərin sayı 18 min olub.

Bundan əvvəl ölüm riski yüksək olan viruslar da olub. Koronavirusun bu günədək 4 növünə rast gəlinirdi. Bunun da, demək olar ki, ölüm faizi qeyd olunmurdu. COVİD-19 da əvvəlki növlərdən bir qədər fərqli formadadır, yəni ölüm vermə ehtimalı artıb. 2012-ci ildə isə koronavirusun yeni bir növü tapılmışdı. O da 2013-2015-ci illərdə yayılmışdı.

Ümumilikdə, bu virusdan 1200-dək insan xəstələnmişdi. Buna Yaxın Şərq respirator sindromu deyirdilər. Onda ölüm faizi yüksək idi, 27-40 faiz arası dəyişirdi. Göründüyü kimi, o virus da keçib getdi. Bu gün isə çox nadir hallarda həmin virusla xəstələnmə halları müşahidə olunur. Bundan əlavə onun SARS virusu var idi ki, ona da ilk dəfə 2002-ci ildə rast gəlinmişdi. Ondan da 850-900 nəfər arası xəstələnmə halı olmuşdu və 10 faizə yaxın ölüm hadisəsi baş verdi. Bir sözlə, həmin viruslar ölüm riskinə görə COVİD 19-dan daha yüksək yerdədir".

Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır. Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyevin sözlərinə görə, sağlam insanlar koronavirus xəstəliyini yüngül keçirirlər. Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi isə xəstəxana şəraitində ağır keçirib.

Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.

İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə 29 fevral saat 16.00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.

İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub. Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb, 2902 nəfəri Çində olmaqla ümumilikdə 3285 nəfərin həyatına son qoyub. Son məlumata əsasən, dünya üzrə koronavirus epidemiyasına 95 min 415 nəfər yoluxub. Bu rəqəmin 80 min 409-u Çinin payına düşür.

Zülfiyyə Qurbanova
BAKU.WS