Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Xidmətindən məlumat daxil olub. 

Məlumata görə, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir. Azərbaycanla İran sərhədinin bağlanması ölkə ərazisinə virusun yayılma ehtimalının qarşısını almaq məqsədi daşıyır. Mövcud durumda Azərbaycanın İranla hava məkanının bağlanması məsələsi gündəmə gəlib.

“Azərbaycan Hava Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumatda qeyd edilib ki, uçuşların mövcud cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır: "24 fevral 2020-ci il, Bakı – Çoxsaylı müraciətlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Bundan əlavə Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcək".

Orxan Hüseyn
BAKU.WS