SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

BAKU.WS xəbər verir ki, görüş zamanı son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışılıb.

Ölkə başçısı görüşdə parkinq sahəsində olan problemlərdən də bəhs edib və Bakıda yeni yaradılacaq parkinqlərin vacibliyini vurğulayıb. Mövzusunun aktuallığını və Bakıda parkinq problemini nəzərə alaraq paytaxtda yeni yaradılacaq parkinqlərlə bağlı nəqliyyat ekspertlərinə müraciət etdik.

Azər Allahverənov BAKU.WS-ə açıqlamasında bildirib ki, Bakı küçələrinin infrastrukturu park yerləri üçün nə dərəcədə uyğundursa, elə həmin yanaşma əsasında küçələrdə park yerləri müəyyən edilməlidir: "Məndə olan məlumata görə, bu gün Bakı Nəqliyyat Agentliyi bizim küçələrdə avtomobillərin park edilməsi üçün nəzərdə tutulan yerləri əsasən müəyyən edibdir. Sadəcə olaraq hazırda müzakirə predmeti həmin park yerlərinin ödənişli olması və tarifi ilə bağlıdır. Dünənki görüşdə bir çox məsələlərə münasibət bildirildi. Cənab prezident haqlı olaraq qeyd etdi ki, istənilən halda insanların nəqliyyat vasitələrini saxlaması üçün şərait yaradılmalıdır. Əgər sürücü nəqliyyat vasitəsini saxlamaq istəyirsə və ən yaxın 3-4 kvartalda bunun üçün yer yoxdursa, təbii ki, o, avtomobilini dayanma və durmanın qadağan olunduğu yerdə saxlayacaq.

Parklanma ilə bağlı iki yanaşma var: avtomobillərin park edilməsini qadağan edən yerlər və avtomobillərin park edilməsi üçün icazəli olan yerlər. Həmçinin ödənişli parkinqləri də iki yerə bölmək olar. Əvvəllər müəyyən yerlər var idi və hər saatına görə müəyyən ödənişlər olunurdu. Digəri isə avtomobili saxlamaq üçün yer var və heç bir qadağanedici nişan yoxdur və sürücü avtomobilini rahat saxlaya bilir. Yəni park etmək üçün iki imkan var - ödənişli və ödənişsiz. Bu imkanlar konkret olaraq bizim sürüclərə verilməlidir".

Ekspert həmçinin əlavə edib ki, Bakının hər yerində parkinq yerləri ola bilməz: "Harada ki infrastruktur imkan verir, çoxzolaqlı yollar var, sıxlığa səbəb olmayacaq yerlər var, orada parklanma yerləri nəzərdə tutula bilər. BNA, DYP və yerli icra hakimiyyət orqanlarının bu məsələ ilə bağlı irəli sürəcəyi təkliflər əsaslandırılacaq və nəticə etibarilə şəhər yollarında avtomobillər üçün ödənişli və ya ödənişsiz imkanlar yaradılacaq.

O yerlərdə ki, dayanma və durma qadağandır, birmənalı şəkildə orada müvafiq qaydada nişanlanma və digər işləri yerinə yetirməklə göstərilməlidir. Sürücülərin dayanma və durma ilə bağlı cərimələnməsi ondan irəli gəlir ki, sürücülər avtomobillərini saxlamağa yer tapmırlar. Təbii ki, bütün yerlər avtomobillərin saxlanılması üçün nəzərdə tutula bilməz. Şəhərin elə yerləri var ki, orada avtomobillərin ödənişli və ya ödənişsiz formada park edilməsi sıxlığın yaranmasına gətirib çıxarır.

Mərkəzi küçələrdə sürücü avtomobilindən düşüb hər hansı ünvana gedirsə, onun üçün parkinq yerləri təşkil edilməlidir. Əgər bu yerlər olmayacaqsa, yenə də sürücülər cərimələnəcək və problem həll edilməmiş qalacaq".

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev isə BAKU.WS-ə deyib ki, parkinq xidmətini qüsursuz təşkil etmək üçün buna planlı şəkildə yanaşmaq lazımdır: “İşlər planlı şəkildə icra edilməsə, burada heç bir uğurdan söhbət gedə bilməz. Əslində parklanma tələb və təklif problemidir. Nə qədər çox parklanma yeri təklif olunsa, eyni zamanda heç bir qiymət tətbiq olunmasa, parkinqlər həmişə dolu olacaq.

Küçə parklanmasında qiymət tətbiqi vacib məsələlərdən biridir. Bu sadəcə parklanma yerlərinin mövcudluğu deyil. Ödənişli parklanma ilk növbədə tıxacların və nəqliyyat axınının tənzimlənməsinə təsir göstərir. Əgər şəhərdə parklanma idarə olunmursa, deməli, nəqiyyat sistemi idarə edilmir. Şəhərdə ideal parklanma təşkil etmək istəyiriksə, ilk növbədə küçə parklanmasını nizamlamaq, daha sonra parkinq üçün digər yerləri müəyyən etmək lazımdır. Küçə parklanması idarə edilməsə, iqtisadi cəhətdən əsaslandırılmış qiymət tətbiq olunmasa, yerüstü və yeraltı parklanmalar cəlbedici olmayacaq”.

Dünya praktikasında küçədə parklanma sürücülərə daha baha başa gəlir. Çünki hər bir şəhər üçün küçə parklanması məhdud resursdur və bundan qənaətlə istifadə etmək lazımdır. Küçədə parklanmanı həm azaltmaq, həm də onun tələb-təklif hissəsinə qarışmaq lazımdır. Küçə parklanmasının idarə edilməməsi özəl sahibkarlar üçün şəhərdə əlavə parklanma yerlərinin tikintisini cəlbedici etmir. Çünki vətəndaşlar küçədə maşınlarını rahat saxlaya bilirsə, parkinq yerlərinə müraciət çox az olur.

Özəl şirkətlər parklanma ilə bağlı müəyyən tənzimləmələr aparıldığı təqdirdə bu sahəyə meyl göstərə bilər. Əslində şərtlər uyğun olsa, parklanma yerlərinin tikintisi binaların tikintisi ilə müqayisədə daha gəlirli ola bilər. Sahibkarlar üçün yaradılacaq ən doğru şərait ondan ibarətdir ki, bu sahədə düzgün tənzimləmələr aparılsın, icra strukturları parkinq yerlərini müəyyənləşdirsin və müəyyən qiymət tətbiq etsin”.

Orxan Hüseyn
BAKU.WS