Ziyalılarımız Emine Bulut cinayətinə görə Azərbaycan xalqına çağırış etdilər
26
avq
2019
17:06
Bir neçə gün öncə Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi ölkədə böyük rezonans yaradıb. Belə ki, ölkə ictimaiyyəti dövlət rəsmiləri daxil olmaqla, sənət adamları, futbol klubları və sadə əhali olaya etirazını bildirib və bunu sosial şəbəkədə ictimailəşdirib.BAKU.WS xəbər verir ki, paralel olaraq Azərbaycanın Şəmkir rayonunda da dəhşətli hadisə qeydə alınıb. Belə ki, Elmar Sadıqovun gecə radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq oranı yandırıb. Nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov və onun anası M.Məsimova həyatını itirib.Türkiyədə qadının öldürülməsi olayı böyük qınaqla qarşılandığı halda, Azərbaycan ictimaiyyətinin buna münasibəti heç də ictimai şəkildə olmadı. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri buna xüsusi diqqət yetirmədi. Məsələni araşdırmaq üçün ekspertlərə müraciət etdik və ölkəmizdə ictimai qınağın işə düşməməsinin səbəblərini öyrənməyə çalışdıq.
Yazıçı-psixoloq Rövşən Abdullaoğlu BAKU.WS-ə açıqlamasında qeyd etdi ki, bəzən cəmiyyət öz taleyinə biganə olur, ətrafında baş verənlər onu qətiyyən maraqlandırmır. İctimai biganəlik isə bir günə yaranan durum deyil: “İlk öncə hər iki hadisəyə dərin təəssüf hissimi bildirirəm. Çox üzücü hadisədir. İctimai qınaq ictimai şüur və düşüncədən qaynaqlanan bir fenomendir. Şüur və düşüncə isə psixoloji prosesdir. Deməli, sualın cavabını cəmiyyətin psixologiyasında, düşüncə və həyata baxışlarında axtarmaq lazımdır. Bəzən cəmiyyət öz taleyinə biganə olur, ətrafında baş verənlər onu qətiyyən maraqlandırmır. İctimai biganəlik isə bir günə yaranan durum deyil.Bu, ailədən, orta məktəbdən başlayır. Uşaq gözünü açıb görür ki, valideynlərini yalnız öz məişət problemləri düşündürür, ictimai məsələlərlə qətiyyən maraqlanmır, heç bir mövqe bildirmirlər. Məktəbə və ya universitetə gedir, oradakı tədris sferasında da ictimai mövzulara fikir bildirməyə təşviq olunmur. Televizoru açır, orada da səhərdən axşama kimi bayağı, mənasız verilişlər. İctimai mövzularda aktual diskussiyalara qətiyyən yer verilmir. Bütünlüklə ictimai susqunluğu təbliğ edən bir cəmiyyətdə yetişən fərddən öz cəmiyyətinin rəngini götürməkdən başqa nə gözləmək olar?”.Bir cəmiyyətdə ˝hər kəs özü üçündür˝, ˝başqasından mənə nə˝ kimi həyat fəlsəfəsi təbliğ olunursa, o toplumdan ətrafda baş verən mənfi hallara qarşı sərt reaksiya gözləmək yersizdir. Bu həyat fəlsəfəsini isə yenə də ailə, məktəb, KİV-lər bizə aşılayır. “Bəzən də ictimai qınağın olmaması təcrid olunma, cəzalanma, iqnor edilmə qorxusundan qaynaqlanır. Fərd düşünür, fikir desə, qınanar, sərt reaksiya ilə qarşılaşar, fikri heç kim üçün əhəmiyyət daşımır, tək onun fikri ilə nə dəyişəcək ki. Bu qorxu hökm sürən bütün cəmiyyətlərdə fərd fikir söyləməkdən çəkinir və susur. Cəmiyyətin güclü əxlaqi bazası olmalıdır, insanlara digərlərinin halına biganə qalmamaq fikri aşılanmalıdır, empati qurmaq hissi gücləndirilməlidir, erkən yaşlarından gənclər ictimai işlərə sövq edilməlidir”,-deyə psixoloq-yazıçı vurğulayıb.O, əlavə etdi ki, ictimai qınaq mövzusunda çalışan bütün institutlar deyir ki, oyaq cəmiyyəti formalaşdırmaq, tərbiyə etmək lazımdır: “Bu tərbiyə ilk növbədə fərdə sərbəst fikir söyləmək imkanı verməkdən, onu bu işə təşviq etməkdən başlayır. Bizim uşaqlar ˝sən uşaqsan, danışma˝ formatında tərbiyə olunurlar, eyni proses də təhsil mərkəzlərində, idarələrdə davam edir. Şüuraltına fikir deməmək kodlaşır. İctimai qınaq oyaq cəmiyyətdə güclü olur. Oyaq cəmiyyəti isə mütəmadi düzgün informasiyalarla yetişdirmək lazımdır”.
Deputat Fazil Mustafa isə BAKU.WS-ə bildirdi ki, ümumi cəmiyyətlərdə belə hadisələr baş verir. Lakin bizim cəmiyyətimizdə insanların psixoloji durumu belədir ki, çox vaxt düşdükləri psixoloji durumdan çıxış yolunu başqasından qisas almaqda axtarırlar: “Bu tip cinayətlər də bundan qaynaqlanır. Hesab edirəm ki, cəmiyyətdə mövcud olan depressiv durumu ortadan qaldıracaq addımlar atılmalıdır. Çoxusu işsizlik və sosial çətinliklərlə bağlıdır. Buna görə, belə tip cinayətlərin qarşısını almaq çətinləşib. Son vaxtlar intiharlar da bunun əlaməti və göstəricisidir. Ailə zəmnində cinayətlər ona görə baş verir ki, təhsil səviyyəsi çox aşağı olduğu üçün çıxış yolunu bir-birini sıradan çıxarmaqda görürlər”.Deputat əlavə etdi ki, qonşu ölkədə media daha sərbəstdir: “Bir məsələ də var ki, Türkiyədə media daha müstəqil olduğu üçün hadisələr daha çox işıqlandırılır. Bu səbəbdən cəmiyyətdən reaksiyalar gəlir. Bizdə media hadisələri işıqlandırmadığı üçün bəzən insanlar baş verənlərdən xəbərsiz olurlar. Bu səbəbdən bizim cəmiyyətimin bəzən laqeydliyi müşahidə edilir.Lakin məsələnin bu tərəfi də var ki, bizim cəmiyyətimizdə ictimai rəy və sosiallaşma yoxdur. İnsanlar fərdi həyatlarından başqa, digərlərinin həyatları barədə özəl düşüncəyə malik deyillər. Buna daha çox dedi-qodu və əyləncə vasitəsi kimi baxırlar. Məsələn, Koreyada bir maşın qəza törədərkən digər avtomobillər müstəqil şəkildə kənara çəkilərək yanğınsöndürən və təcili tibbi yardım maşınlarına hadisə yerinə rahat getmək üçün şərait yaradırlar. Bizdə isə hamı maşını saxlayıb maraq üçün qəza yerinə gedir və tamaşa edirlər. Sonra da bunu başqasına danışır ki, necə qəza baş vermişdi. Bizim cəmiyyətin maraqları və dəyərləri bir az fərqli olduğu üçün laqeydlik müşahidə edilir”.
Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızının mövzuya münasibəti özünəməxsus oldu. Onun fikrincə, sosial şəbəkələr və telekanalların yamaq verlişləri xalqın əsəblərini o qədər tarıma çəkib ki, bütün hadisələr neytrallaşdırılıb. Ona görə də, bizdə daha dəhşətli, əttökən və utancverici hadisələr müzakirə olunur: “Xalq artıq buna qarşı biganə olub, sanki beyin yorulub. Bu söz bir az köhnə olsa da deyəcəm, bizim mentaritetimizlə başqa ölkələr arasında ciddi fərq var. Azərbaycan ovuc boyda ölkədir. Amma Türkiyənin ucu bucağı yoxdur. Bu ölkədə türkdən çox başqa millətlər var, baxmayaraq ki, onlar türk adı və soyadını daşıyır. Hətta o cinayətin türk və müsəlman tərəfindən törədildiyi də şübhə doğurur. Amma belə hadisələr bu ölkədə tez-tez baş verir və müzakirələr aparılır. Oxşar və digər cinayətlər Türkiyə ictimaiyyəti tərəfindən sosial şəbəkədə və televiziya verlişlərində müzakirə olunur. Buna görə, Azərbaycan xalqını bu məsələdə qınaq obyektinə çevrikmək düzgün deyil. Bizdə birbaşa millətimiz və namusumuza qarşı böyük və qlobal hadisələr olub ki, bu, heç də mediada işıqlandırılmayıb”.Azərbaycanın görkəmli teatr və kino aktrisası təəssüflə qeyd etdi ki, ölkədə nədən gəldi yazılır və paylaşımlar edilir: “Əsas onu fikirləşirik ki, xəbər çox oxunsun və qanararımız alınsın. Amma önəm vermirik ki, biz hansısa hadisəyə toxunanda, o ailənin qüruruna da dəyə bilərik. O, dünyasını dəyişibsə, onun qəbrini cəhənnəmə çevirə bilərik. Lakin araşdırmırıq ki, burda dövlət sirri və münasibəti ola bilər. Hansı ki, balaca bir tikəni udmaq istəyən balinalar var. Buna imkan verilsə, bəzi güzəştlər edilməsə, bu tikələr udula bilər. Onda həmin müzakirə edən adamların heç biri balinanın ağzında olmayacaq”.Xalq artisti BAKU.WS-ə açıqlamasında belə başa düşdüyünü bildirdi ki, Şəmkirdə cinayəti törətmiş insan ya anormal olub, ya da narkotik aludəçisdir ki, öz uşağı, yoldaşı və qaynanası olan evi yandırsın: “Bu insanda nə qədər hikkə, hirs və qudurğanlıq olmalıdır ki, bu qədər insanı yandırsın. Bu vəhşilikdir və o, insan ola bilməz. İnsan kimi doğulmaq asandır, lakin o adı qazanmaq çətindir. Məncə o, insan kimi yaransa da, heyvandan da aşağıdır. Amma bu reallıq da var ki, insanlar çətinliklərə dözə bilmirlər. Bu dəqiqə şəxsi ambisiyasına üstünlük verən insanlar daha çoxdur. Korrupsiya və oğurluğa meyillilik daha çoxdur. Bu halları doğuran səbəbləri araşdırıb tapmaq lazımdır. Əlbəttə, mən istəməzdim ki, Şəmkir kimi gözəl regionumuzda belə bir hadisə baş versin. Amma bütün bunlarla birgə, mühakimə etmək çox asandır. Amma məhkum olunanın da vəziyyətini araşdırmaq lazımdır ki, niyə bu yola əl atıb”.Afaq Bəşirqızı həmçinin jurnalistləri tənqid etdi və onları insaflı mövqe nümayiş etdirməyə çağırdı: “Məsələ budur ki, lüt qızların görüntüləri Şəmkir olayından daha çox paylaşılır. Aprel döyüşləri zamanı bir neçə biqeyrətin etdiyi hərəkətlər sosial şəbəkədə o qədər göstərildi ki, ətraf xalqlar və düşmənimiz qarşısında qınaq obyektinə çevrildik. Eyni zamanda Şəmkir olayı xəbər formatında təqdim olundu. Bu cinayəti törədən şəxsin kəndindən reportaj hazırlanmadı, hadisənin təfərrütları işıqlandırılmadı. Lakin lüt qızlarla bağlı xəbərlər və paylaşımlar fasilələrlə paylaşılır. Yenə bildirirəm ki, sosial şəbəkələr insanların zövqünü və dünya baxışını məhdudlaşıdırıb. Heç sosial şəbəkələrdə televiziyadakı kanallarda intelektual verlişlərin bağlanılması müzakirə edilmir. Nəyə görə, intelektual səviyyəli verlişilər 1-3 aydan sonra telekanallardan götürüldü? Hansı ki, ona çox böyük məbləğdə vəsait ayrılmışdı. Çünki intelektual səviyyə, savad və tərbiyənin pozulmasının əsas səbəbkarı sosial şəbəkə, zövqsüz və savadsız jurnalistlərdir. Buna görə, bu suallara cavab tapmaq üçün bir olmalıyıq, bir olmaq üçün qeyrətimizi fikirləşməliyik”.
İlahiyyatçı Şahin Həsənli isə hesab edir ki, bu kimi hadisələrin istənilən ölkədə baş verməsi təəssüf doğurur. İnsanların qəddarlaşması və mərhəmət hissini itirməsi acı nəticələrə gətirib çıxara bilər: “Hər bir halda bu tip hadisələrdə ictimai qınağın olması normaldır. Sadəcə olaraq Türkiyədə hadisənin bütün təfərrüatları daha dəqiq çatdırıldığı üçün, kəskin reaksiyalara səbəb olub. Azərbaycanda ara-asıra belə hadisələr baş verərkən, ictimai qınaq olub. Biz də jurnalistlərə keçmişdə müxtəlif açıqlamalar vermişik. Hədislərdə də buyurulur ki, bir qrup insan gəmidə hərəkət edərkən, kimsə gəmini deşirsə, digərləri mənim nəyimə lazımdır mövqeyi ilə çıxış etməməlidir. Su gəmiyə daxil olsa, hamı bata bilər. İctimai məsələlər də belədir. Bəzi insanlar biganəlik nümayiş etdirirsə, bu, təbii ki, nöqsandır. Bu hadisələrə fikir adekvat olmalıdır. Bunu da nəzərə almaq lazımdır ki, bəzən bu kimi hadisələrin çox gündəmə gəlməsi və reaksiyalar daha kəskin olduqda, əks təbliğat da işə düşə bilər. Məsələn intiharlardan həddən artıq çox danışıldıqda, intihar sözü çox işlədildikdə belə başqalarını buna təşviq edə bilər. Mətbuat bu məsələyə peşəkar yanaşmalı və hadisə elə təqdim olunmalıdır ki, başqalarında buna rəğbət yaratmasın”.Şahin Həsənli BAKU.WS-ə deyib ki, ümumiyyətlə bu tip hadisələrin səbəbini araşdırmaq lazımdır. Hadisənin təkcə özünü pisləməklə kifayətlənmək olmaz: “Bu gün vahid bir dünyada yaşayırıq və dövlətlər arasında mədəni sərhədlər itib. Bu da müəyyən təsirlərə məruz qalma ilə nəticələnir. Bu təsirlər bəzən müsbət, bəzən də mənfi olur. Mənfi təsir və fəsadlardan sığortalanmaq üçün cəmiyyətin immuniteti olmalıdır.Bunun üçün ailələrdə tərbiyə konsepsiyası insanlara aşılanmalı və məktəblərdə bu mövzular işıqlandırılmalıdır. Televiziyada uşaq və övlad tərbiyəsi ilə bağlı verlişlər olmalıdır. Məktəbdə də tədris proqramında bununla bağlı xüsusi hissələr olmalıdır. Ailə cəmiyyətin özəyidir. Ailə sağlam olursa, cəmiyyət də sağlam olur. Azərbaycanlı üçün ailə müqəddəs ocaqdır. Təəssüflər olsun ki, yad təsirlərin nəticəsi olaraq bu bağlılıqlar aradan gedib. Təbii ki, biz dünyaya açıq olmalıyıq və ölkələrlə mədəni mübadilə baş verməlidir. Eyni zamanda cəmiyyətin özünüqoruma mexanizmi olmalıdır. Ailə dəyərləri mütəmadi təbliğ edilməli, tərbiyə prosesində mənəvi dəyələr nəzərə alınmalıdır”.Orxan Hüseyn
Qalereya
Oxşar xəbərlər
Ərdoğan Emine Buluta görə Türkiyədə ölüm hökmünü tətbiq edə bilər - VİDEO
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Trabzonda vətəndaşlarla görüşüb.BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan görüşdə Türkiyəni dəhşətə gətirən...