6 qız anası: “İstəyirəm, oğlum da olsun” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Gəncə Regional Perinatal Mərkəzdə 30 yaşlı Günel Məmmədova hamiləliyin 31-ci həftəsində üçəm qızlar dünyaya gətirib. Bu, Günel Məmmədovanın 4-cü hamiləliyidir. Ailənin 5, 6 və 8 yaşlarında 3 qız övladı var. Məmmədovlar ailəsi oğul gözləyərkən yenidən 3 qız sahibi olublar.
BAKU.WS xəbər verir ki, ictimaiyyətin, sosial şəbəkələrin də diqqət göstərdiyi 6 qız anası olan Günel Məmmədova Modern.az-a danışıb.
Hazırda xəstəxanada olan G.Məmmədova deyib ki, 6 qız anası olduğu üçün çox xoşbəxtdir:
“3 qız anası idim, oğlan övladımın dünyaya gəlməsi üçün müalicə alırdım. Daha sonra həkimə getdim və üçəm qızlara hamilə olduğumu bildim. Həyat yoldaşım da, mən də üçəmlərin dünyaya gəlməsini istədik. Hazırda körpələrin səhhəti yaxşıdır. Aytəkinin çəkisi 1 kq 600 qr, Gültəkinin 1 kq 500 qr və Nurtəkinin çəkisi isə 1 kq 400 qr-dır. Digər 3 qızımın adı isə Xəyalə, Ayşə və Zəhradır. Onlar da evdə bacılarını gözləyirlər. Yoldaşım da çox sevinir, bəzi kişilər kimi yenidən qız atası olduğu üçün heyifsilənmir".
6 qız anası ailənin sosial vəziyyətinin yaxşı olmadığını bildirib:
“Mən çalışmıram, yoldaşım isə avtoyuma məntəqəsində işləyir. Gəliri çox aşağı olur, gündəlik 10-15 manat pul qazanır. Ailələrimizin də sosial vəziyyəti yüksək deyil ki, bizə yardım etsinlər. Körpələri böyütmək üçün dövlət qurumlarından kömək istəyirəm. Övladlarımın sayının çoxluğunu nəzərə alıb mənə yardım ediləcəyini düşünürəm”.
G.Məmmədova qeyd edib ki, sosial vəziyyəti uyğun olarsa, növbəti dəfə ana olmaq istəyər:
"Çünki yoldaşımın da, mənim də arzum oğul övladımızın olmasıdır. Qismət olarsa, yenidən ana olmaq istəyərəm".
Hazırda Şəmkirdə yaşayan Məmmədovlar ailəsi 6 qızı heç bir kömək olmadan böyüdəcəyini deyib:
"Digər qızlarım nisbətən böyükdürlər. Düşünürəm ki, bacılarının gündəlik baxımında mənə kömək edəcəklər".
Qeyd edək ki, G.Məmmədova beşdən çox uşağı olan valideyn sayıldığından çoxuşaqlı analara verilən müavinətdən yararlana biləcək.
Qanunvericiliyə görə, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşaq) bir yaşına çatdıqda:
- Uşağın 18 yaşı tamam olan ayın sonunadək;
- Hər uşağa görə 70 manat ödənilir.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...