5 il ərzində süni intellekt tibbdə daha geniş tətbiq olunacaq - Səhiyyə Nazirliyi

Dünya üzrə səhiyyə sistemlərində süni intellekt texnologiyalarının tətbiqi sürətlə artır. Bu texnologiyalar xəstəliklərin erkən diaqnostikası, müalicə proseslərinin effektivləşdirilməsi və pasiyent xidmətlərinin təkmilləşdirilməsi sahələrində istifadə edilir. Ekspertlər süni intellektin həkimlərin qərar qəbuletməsini asanlaşdırdığını və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltdiyini bildirirlər.
BAKU.WS-in sorğusuna cavab verən Səhiyyə Nazirliyi bildirir ki, süni intellektin tətbiqi ilə bağlı innovativ həllərin səhiyyə sisteminə inteqrasiyası üzrə ilkin təşəbbüslər artıq həyata keçirilir. Nazirlik, TƏBİB, İTSDA və RİNN arasında razılaşdırılmış "Səhiyyə sahəsinin rəqəmsallaşdırılması üzrə yol xəritəsi" çərçivəsində süni intellekt həlləri ilə bağlı tədbirlər nəzərdə tutulub. Hazırda "həkimə kömək məqsədli simptomlar əsasında mümkün xəstəliklərin proqnozu və tövsiyə olunan analizlərin göstərilməsi" istiqamətində işlərə başlanılıb.
Məlumata görə, tibbi məlumatların rəqəmsallaşdırılması, xəstəliklərin erkən diaqnostikasında innovativ alqoritmlərin sınaqdan keçirilməsi və elektron səhiyyə xidmətlərinin inkişafı istiqamətində bir neçə platforma reallaşdırılır. Nazirlik bildirir ki, süni intellektin tətbiqi 2025–2028-ci illər üçün prioritet sahələrdən biridir və Azərbaycan Respublikasının rəqəmsal transformasiya strategiyası ilə uyğunlaşdırılıb.
Gələcək planlar arasında "Tibbi Rəqəmsal Əkiz Sistemi" (TRƏS) çərçivəsində süni intellekt imkanlarının istifadəsi nəzərdə tutulur. TRƏS-in arxitekturası real həyat məlumatları əsasında davamlı təkmilləşdirilə bilən həlləri əhatə edəcək.
Səhiyyə Nazirliyi vurğulayır ki, süni intellekt texnologiyalarının tətbiqi nəticəsində vətəndaşlara innovativ səhiyyə xidmətləri təqdim ediləcək, pasiyent yönümlü xidmətlərin keyfiyyəti artırılacaq, diaqnostika və müalicə proseslərinin effektivliyi yüksələcək, idarəçilikdə şəffaflıq təmin olunacaq və vətəndaş məmnuniyyəti maksimum səviyyəyə çatdırılacaq.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda bu yolda hərəkətin təşkilində dəyişiklik
Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlifsəviyyəli yol qovşağına istiqam...
