SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün zəlzələ baş verən Zaqatala seysmik baxımdan aktiv zonada yerləşir.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacı və Şamaxıya qədər olan ərazi seysmik baxımdan aktivdir.


“Həmin aktiv ərazilərdə zəlzələ baş verməsi gözlənilən haldır”, - deyə alim bildirib.


Tahir Məmmədli deyir ki, ümumiyyətlə zəlzələ baş verməsilə bağlı proqnozlar vermək düzgün deyil. Lakin Aktiv zəlzələ ocaqları var ki, orada həmişə yeraltı təkanların olması təhlükəsi var. Böyük Qafqazın cənub yamacından Şamaxıya qədər olan ərazilər aktiv zonalardır.

T.Məmmədli bildirib ki, ölkəmizdə əsas zəlzələ təhlükəsi olan ərazilər Şamaxı, İsmayıllı, Gəncə, Abşeron yarımadası və Bakıdır:

“Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələrində və Xəzər dənizindədir. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələlərin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər. Şamaxı və İsmayıllıda zəlzələlər hər zaman olub və gələcəkdə də olma ehtimalı var. Eyni zamanda, cənub rayonlarından Yardımlı, Lerik və Masallıda da mütəmadi baş verir. Xəzər dənizində bir neçə ocaqlar var ki, onlar güclü seysmik təklühəyə malikdir. “Azəriçıraq” yataqlarının yanında kifayət qədər güclü zəlzələ ocaqları var. Bakıdan 50-60 km cənubda və şimalda yerləşən ocaqlar güclü seysmik intensivliyə sahibdir. Bunlar da Bakı üçün təhlükəlidir”.

T.Məmmədli diqqətə çatdırıb ki, bu ocaqlar gələcəkdə daha da aktivləşərsə, Bakıda 12 ballıq şkalayla 9 bala qədər çox güclü titrəyiş yarada bilər:

“Paytaxt ərazisi baş verə biləcək yeraltı təkan 12 ballıq cədvəllə 8 bal qiymətləndirilir. Lakin yerli qurunt şəraitinə uyğun olaraq bu səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə zəlzələ baş versin”.

Onun sözlərinə görə, belə güclü zəlzələ olarsa köhnə tikililər üçün problem yarana bilər: “Bu o demək deyil ki, sovet dövründə binalar pis tikilirdi. Sovet dövründə 1980-cı ildə seysmoloji xəritədə paytaxtın seysmik göstəriciləri Bakı və Abşeron ərazisi üçün 6 bal qiymətləndirilirdi. Sonralar bu 7 bal kimi qiymətləndirilib və 1991-ci ilə kimi bu belə olub. Bu tarixə qədər tikilən binalar 7 bala qədər dözümlü olub. İndi isə Bakıdakı tektonik zona 9 bal qiymətləndirilir. Yeni tikilən binalar isə 9 balla uyğundur”.

Ziya SƏCCAD
BAKU.WS