Milli Qəhrəman Çingiz Mustafayevin ailəsi Azərbaycan uğrunda şəhid olmuş bu əfsanəvi qəhrəmanın təsvirindən istifadə edən sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb. İstiPress-in məlumatına görə, müraciəti "Facebook" səhifəsində Çingiz Mustafayevin kiçik qardaşı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yayıb.


BAKU.WS müraciəti olduğu kimi təqdim edir:

MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEVİN AİLƏSİ ADINDAN MÜRACİƏT

Müraciətimiz Azərbaycanı sevən bir sıra istifadəçilərə, o cümlədən aktiv siyasi, digər həvəskar və ya peşəkar ictimai fəaliyyətlə məşğul olanlara, qardaşım Çingiz Mustafayevin təsvirini şəxsi avatarlarında, yəni öz profil şəklinin yerinə qoyanlaradır.

Bir də xatırlatmaq istəyirəm ki, bu, Azərbaycanın Mərhum Milli Qəhrəmanı – Çingiz Mustafayevin əziz xatirəsinə, onun ölməz ruhuna və ailə üzvlərinin hisslərinə ağır təsir edir.

Axı bu şəklin arxasındakı istifadəçi Qəhrəmanımız Çingiz deyil, axı onun şəklini istifadə edən bir adam və ya bir qrup hazırlanmış təxribatçının yazdığı Çingizin demək istədiyi deyil. Axı olmaz belə… Azərbaycanda elə ailə yoxdur ki, Şəhid verməsin və ümidvaram ki, ailəmizin bu ağrısını bizimlə bölüşürlər.

Çingiz Mustafayev Azərbaycanın Müstəqilliyi və Torpaqlarımızın azad olunması uğrunda ən şirin olan həyatını verib! O, artıq öz sözünü deyib və gedib. Unutmayın ki, bu gün onun Şəkli altında fəaliyyət göstərən istifadəçilərin dostları da var, düşmənləri də - onların qarşısında Sizin simanız durmalıdır, Çingizin yox! Onlar tərəfindən məhz Siz sevilməlisiniz və ya söyülməlisiniz, Çingiz yox!

Anlaşılan haldır ki, Çingizin adı və Siması ilə adi istifadəçilər özlərinə çoxlu layklar yığa bilərlər, amma həyatını Xalqına, Vətəninə qurban verənlərin gül camalını özlərinin müqayisəolunmaz səviyyədə kiçik maraqlarına görə istismar etmək nə qədər düzgündür?

Çingiz Azərbaycan uğrunda Şəhid olub, amma sosial şəbəkələr elə qurulub ki, bu gün onun Azərbaycan üçün etdiklərinə görə "zərərçəkənlər", onu hətta həlak olandan sonra qısqananlar belə Çingizin şəkli altında uğrunda canını qurban verdiyi Vətənimizə qarşı su bulandırırlar. Çingizsevərlər və əsl Azərbaycanlılar Qəhrəmanımızın təsvirini şəxsi profillərində öz şəkilləri ilə əvəzləsələr, hər kəsin əsl üzünü görmək rahat olar.

Eyni fikirləri həm də ANS loqosuna aid etmək istəyirəm. Mən, Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin və ANS Yayım və Media Şirkətini yaradan adi Azərbaycan ailəsi adından Çingiz və ANSsevərlərin hamısından artıq dərəcədə xahiş edirəm ki, Çingizi və ANS-i sosial-kommersiya şəbəkələrinin rəflərindən çıxarıb Ürəklərinə qaytarsınlar - daha ürəkli olmaq üçün, ritmi düz tutmaq üçün!!!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin və Azərbaycanımızı qorusun!

Hörmətlə,
Fuad Seyfulla oğlu Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev
Vahid Fuad oğlu Mustafayev
Fuad Çingiz oğlu Mustafayev


BAKU.WS